AZ

Bakı-Tbilisi sərnişin qatarının açılması istiqamətində fəaliyyət davam etdirilir - Hikmət Hacıyev

Gürcüstanla Azərbaycan arasında Bakı-Tbilisi sərnişin qatarının açılması məsələsi müzakirə olunub. Hər iki liderin verdiyi tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları bu istiqamətdə fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev qeyd edib ki, bu gün hər iki ölkənin hökumətləri tərəfindən birgə kommünike qəbul olunaraq Bakı-Tbilisi sərnişin qatarının açılması məsələsi ictimaiyyətə elan edilib.

"Bu istiqamətdə işçi qaydada fəaliyyət davam etdirilir. Hazırda məsələlər ilkin mərhələdə müzakirə olunur",-deyə o əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr