AZ

2032-ci ilə qədər Azərbaycanın ümumi bərpa olunan enerji gücünün 8 giqavata çatacağı gözlənilir - Anar Quliyev

WUF13 çərçivəsində bir araya gələrək təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərlə bağlı müzakirələri inkişaf etdirməyi, inklüziv şəhər inkişafı üçün praktiki həll yollarını araşdırmağı hədəfləyirik.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsidə keçirilən "D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" panel sessiyasında deyib.

A.Quliyev bildirib ki, şəhərlər mobillik, ticarət və innovasiyanın əsas mühərrikidir:

"Eyni zamanda, onlar qlobal emissiyaların təxminən 70 faizinə və qlobal enerji istehlakının üçdə ikisindən çoxuna cavabdehdir. Bu isə şəhərləri iqlim dəyişiklikləri ilə mübarizənin mərkəzinə çevirir və şəhər mühitinin planlaşdırılması, layihələndirilməsi və qurulmasını hər zamankından daha vacib edir".

WUF13 milli koordinatoru vurğulayıb ki, Azərbaycanda enerji səmərəliliyinin artırılması və iqlim dayanıqlılığının gücləndirilməsi şəhərsalma siyasətinin ayrılmaz tərkib hissəsidir:

"Yaşıl tikinti və enerji baxımından səmərəli binalar şəhər inkişaf strategiyamızın əsas istiqamətlərindən birinə çevrilib. Bu, davamlı şəhər gələcəyinin tikinti və infrastrukturun uzunmüddətli ekoloji təsirinin azaldılmasından asılı olduğuna dair mövqeyimizi əks etdirir.

Yaşıl tikintiyə keçid yalnız ekoloji zərurət deyil, eyni zamanda iqtisadi imkan yaradır. Enerji səmərəli binalara və dayanıqlı infrastruktura yatırılan investisiyalar istismar xərclərini azaldır, həyat keyfiyyətini yüksəldir, investisiyaları cəlb edir, innovasiyanı təşviq edir və yeni iş yerləri yaradır. Bununla da uzunmüddətli iqtisadi dayanıqlılığa töhfə verir".

A.Quliyev qeyd edib ki, bu yanaşma ölkəmizin təmiz enerjiyə keçid strategiyası ilə sıx bağlıdır: "Qarabağ Günəş Elektrik Stansiyası və Xızı-Abşeron Külək Elektrik Stansiyası kimi layihələr Azərbaycanın enerji balansında bərpa olunan enerjinin payını 7 faizdən təxminən 38 faizə çatdıracaq. 2032-ci ilə qədər ölkənin ümumi bərpa olunan enerji gücünün 8 giqavata çatacağı gözlənilir. Eyni dərəcədə vacib məsələ Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf prosesidir. Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsindən sonra Azərbaycan uzun illər ərzində ciddi dağıntılara məruz qalmış bölgələrdə iddialı yenidənqurma prosesinə başlayıb. Şəhərlər və kəndlər, sosial infrastruktur, nəqliyyat şəbəkələri, enerji sistemləri və ictimai xidmətlər yenidən qurulur.

Məqsədimiz yalnız itirilmiş infrastrukturu bərpa etmək deyil, həm də "daha yaxşı yenidənqurma" prinsipi, milli iqlim öhdəlikləri və davamlı inkişaf məqsədləri əsasında postmünaqişə dövrü üçün yeni inkişaf modeli yaratmaqdır".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Seçilən
2
day.az

1Mənbələr