AZ

“Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!

Son illər məşqçiləri tez-tez dəyişməyə alışan və bu baxımdan nəhənglər arasında Türkiyənin ən qeyri-sabit klubuna çevrilən “Beşiktaş”la bağlı növbəti maraqlı xəbər var.

Dünən günorta saatlarında bəziləri üçün sürpriz olan, bəziləri üçün də təbii görünən olay yaşandı. İstanbul nəhəngi Sərgən Yalçınla vidalaşdığını rəsmən açıqladı! Bu yazıda məhz bu mövzuya toxunacağıq.

“Məşqçimizin bu duruma sinə gərəcək gücdə olmadığını gördük”
Beləliklə, “Beşiktaş”da 2-ci Sərgən Yalçın dönəmi 262 gün davam etdi. Komanda mövsümə Ole-Qunnar Sulşerin rəhbərliyi altında başlamış və avrokuboklardakı uğursuzluğun ardından onunla yollar ayrılmışdı. “Beşiktaş”a son çempionluğu yaşatdığı üçün fanatların dəstək verdiyi Sərgən Yalçının ikinci dönəmi avqustun 30-da başladı. Amma işlər istənilən səviyyədə getmədi. Komanda son illərdəki ənənəsinə sadiq qalaraq çempionluq mübarizəsindən erkən çəkilməli oldu. Qışdakı transferlərdən sonra nəticələr bir qədər düzəlsə də, mövsümün sonuna yaxın yenə aləm qarışdı. Xüsusilə də “Qalatasaray”la “Fənərbaxça”nın kubokda mübarizəni dayandırmasının ardından camiə bütün ümidini bu turnirə bağlamışdı. Amma yarımfinalda evdə “Konyaspor”la oyundakı məğlubiyyət (0:1) fanatlarla Sərgən Yalçın arasında iplərin tam qopmasına səbəb oldu.

“Qartal” 4-cü pillə ilə kifayətləndi və mövsümün son 5 rəsmi oyununda cəmi 1 qələbə qazandı. Son matçlarda tez-tez öz fanatları tərəfindən istefaya dəvət olunan 53 yaşlı mütəxəssis dünən rəhbərliklə görüşdə bu təzyiqdən cana gəldiyini dilə gətirdi. Əslində rəhbərlikdən heç kim Yalçınla yolların ayrılmasının tərəfdarı deyildi. Amma məşqçinin istəksiz və psixoloji cəhətdən sınmış vəziyyətdə olduğunu görən başqan Sərdal Adalının başqa çıxış yolu qalmadı! Adalı istefanın ardından klub binasının önündə jurnalistlərə açıqlamalar verdi:

“Günorta Sərgən Yalçınla görüşümüz oldu. Onsuz da mövsümü dəyərləndirmək və planlaşdırma etmək üçün bir araya gəlməliydik. Açığı, uğursuz mövsüm keçirdik və etirazlar çox oldu. Sərgən Yalçını da ən çox üzən məqam məhz bu etirazlardı. Nəticələr uğursuz olduğu üçün fanatların qışqırması normaldı. Bu mövzunu müzakirə edərkən məşqçimizin bu duruma sinə gərəcək gücdə olmadığını gördük. Ona görə də qarşılıqlı şəkildə yolları ayırmağa qərar verdik. Son 3-4 ildə etirazlar haqlıdı. Nəticələrin yaxşılaşması üçün əlimizdən gələni edirik. Nəticə olmadığı müddətdə biz də camiəyə “nə üçün etiraz edirsiz” deyə bilmirik. Haqlıdılar... Təbii ki, bu durumdan heç birimiz məmnun deyilik. Amma hər etirazdan sonra bir andaca hər şeydən vaz keçmək də düzgün deyil. Biz bacarmaq məcburiyyətindəyik. Məşqçimizin də dediyi kimi hər şeyi atıb getmək ən asan çıxış yoludu. Bilirəm ki, indi sizi alternativ məşqçi namizədlərimiz maraqlandırır. Amma bu gün günortaya qədər məşqçi dəyişikliyi heç ağlımın ucundan da keçmirdi. Sadəcə, məşqçimiz özünü davam etməyə hazır hiss etmədi. Sizdən sonra Sərkan Rəçbər ilə də görüşəcəm və planlaşdırmanı gözdən keçirəcəm. O da aylardı bu klubda çalışır. Raportlarını təqdim etsin. Yeni məşqçi mövzusunda onun da fikirlərini öyrənəcəm. Yeni məşqçinin adı qısa müddətdə bəlli olacaq. Çalışmalara başladıq. Sərgən hocanın təzminatı yoxdu. İyun üçün də maaşı olmayacaq. Şenol Günəşi çox sevirəm. Amma onunla çalışmaq niyyətim yoxdu”.

Luçesku, Qlasner, Topmöller, Tedesko...
Sərdal Adalının iki mövzuya aydınlıq gətirməsi diqqəti çəkdi. Dünən Sərgənin istefasından sonra “Beşiktaş”ın baş əlaqələndirici Sərkan Rəçbərlə də yolları ayırması haqda xəbərlər peyda oldu. Adalının sözlərindən belə anlaşılır ki, Rəçbər hələ rəsmi şəkildə istefaya göndərilməyib. Amma onunla da yolların ayrılması zaman məsələsidi. Rəçbər sentyabrın 17-də məhz Sərgən Yalçının tələbi ilə bu vəzifəyə gətirilmiş və qışdakı transferlərdə mühüm rol oynamışdı. İkinci məsələ isə Şenol Günəşlə bağlıdı. Adalı bu mövzuya birdəfəlik son qoydu. Çünki mətbuatda son günlərdə Sərgəni əvəzləməyə əsas namizəd kimi məhz Günəşin adı çəkilirdi. “Beşiktaş” Yalçının ikinci dönəmində keçirdiyi 39 rəsmi oyundan 20 qələbə, 10 heç-heçə, 9 məğlubiyyətlə ayrılmış oldu.

Maraqlıdı ki, komanda məhz bu məşqçi ilə sonuncu dəfə çempion olduğu 2020/21-dən bəri heç bir mövsümdə ilk “ikiliy”ə düşə bilməyib. Sərgən Yalçın bir göstəricidə isə tarixi fiasko yaşadı. “Beşiktaş” bu mövsüm evdə həm “Fənərbaxça” (2:3), həm “Qalatasaray” (0:1), həm də “Trabzonspor”a (1:2) uduzdu. Klub tarixində bir mövsümdə hər üç əsas rəqibə qarşı evdə məğlubiyyət acısı yaşayan yerli məşqçi olmamışdı! Adalının təzminat məsələsinə toxunması da maraqlıdı. Sərgən əvvəlki açıqlamalarında dəfələrlə qeyd etmişdi ki, təzminatda gözü yoxdu, ayrılacağı təqdirdə klubdan qara qəpik də almayacaq. İddialara inansaq, təcrübəli mütəxəssis sözünü üstündə dayanıb. “A Spor” kanalının paylaşdığı xəbərə görə, Sərgən Yalçın hələ birillik müqaviləsi olmasına baxmayaraq, 250 milyon lirəlik təzminatdan imtina edib! İlk dönəmində isə o, 1,5 milyon avrodan imtina etmişdi...

Beləcə “Fənərbaxça”nın ardından İstanbulun daha bir nəhəngi məşqçi axtarışına start verib. “Fənər” hələ iyunun 6-7-də yeni prezidentini seçəndən sonra məşqçisini seçəcək. “Beşiktaş”da isə Adalının da söylədiyi kimi, artrıq bu yöndə çalışmalara start verilib. Əcnəbi məşqçilər arasında PAOK-u çalışdıran Razvan Luçesku, “Kristal Pelas”ın başında önəmli işlər görən və yayda ayrılacağı dəqiq olan Oliver Qlasner, Frankfurt “Ayntraxt”ının sabiq çalışdırıcısı Dino Topmöllerin adı hallanır. “Beşiktaş” gələn mövsüm üçün AL-də oynamağa haqq qazansa, Qlasner versiyası daha da güclənə bilər. Son iddialara inansaq, “ağ-qaralar”ın futbol direktoru və baş skautu Eduard Qraf Sərgən Yalçının istefasının dərhal ardından rəhbərliyin tapşırığı ilə Topmöllerlə telefonda söhbətləşib.

Maraqlıdı ki, namizədlər arasında bu yaxınlarda “Fənərbaxça”dan qovulan Domeniko Tedesko da var. Yerlilər arasında Günəşin qüvvədən düşməsindən sonra hələlik yalnız bir isim – Nuri Şahinin adı ön plana çıxır. Ancaq “İstanbul BŞ”də gördüyü işlərlə yadda qalan 37 yaşlı Şahin “Fənər”in də diqqət mərkəzindədi.

ƏLİ RAUFOĞLU hazırladı
Seçilən
14
football-plus.az

1Mənbələr