Türkiyənin Ankara Keçiörengücü klubunun gənc futbolçusu faciəvi şəkildə həyatını itirib.
Musavat.com xəbər verir ki, TFF 1. Liqasında çıxış edən Ankara Keçiörengücünün 16 yaşadək futbolçular komandasında oynayan Abdullah Sultanoğlu yol qəzasından sonra dünyasını dəyişib.
Klubun yaydığı açıqlamada bildirilib:
“Dərin kədərlə xəbər aldıq ki, dəyərli futbolçumuz Abdullah Sultanoğlu faciəvi qəza nəticəsində vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına Allahdan rəhmət diləyir, başsağlığı verir və səbir arzulayırıq”.
Məlumata görə, 2010-cu il təvəllüdlü Abdullah Sultanoğlu mayın 16-da Ankara şəhərinin Çubuk rayonunda motosiklet qəzasına düşüb. Ağır xəsarət alan gənc futbolçu müalicə üçün Ankara Etlik Şəhər Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Abdullah Sultanoğlu ötən gecə vəfat edib.