AZ

Hindistanlı nümayəndə: WUF13 dayanıqlı şəhərlərin qurulmasında mühüm rol oynayacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Dayanıqlı mənzil tikintisi və şəhərsalma məsələləri hazırda qlobal miqyasda ən aktual mövzulardan biridir. Dünyanın bir çox bölgəsində bu sahədə ciddi problemlər mövcuddur. Məsələn, Kamerun və digər ölkələrdə tez-tez su basqınları, təbii fəlakətlər və iqlim dəyişikliyinin yaratdığı risklər müşahidə olunur. Bu baxımdan infrastrukturun düzgün planlaşdırılması və dayanıqlı şəkildə qurulması xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən hindistanlı nümayəndə Dhiraj Sarin bildirib.

O qeyd edib ki, çoxsaylı ölkələrin bir araya gəldiyi belə platformalar əməkdaşlığın genişlənməsi baxımından mühüm rol oynayır.

“Bu tədbir çərçivəsində ölkələr bir-birinin təcrübəsini öyrənə, müasir imkanlarını paylaşa, həmçinin zəif olduqları sahələri müəyyən edərək inkişaf etdirməyin yollarını araşdıra bilirlər. Bu, olduqca mühüm beynəlxalq platformadır”, – deyə o vurğulayıb.

Müsahibimiz bildirib ki, sürətlə böyüyən şəhərlərin qarşısında duran əsas çağırışlardan biri ətraf mühit problemləri və iqlim dəyişikliyi, xüsusilə qlobal istiləşmədir.

“Bu, bütün ölkələri əhatə edən ciddi problemdir. Digər mühüm məsələ isə ölkələr arasındakı inkişaf fərqləridir. İnkişaf etmiş, inkişaf etməkdə olan və zəif infrastruktura malik ölkələr mövcuddur. Buna görə də şəhərlər və yaşayış məkanları elə qurulmalıdır ki, həm ekoloji baxımdan dayanıqlı olsun, həm də gələcək risklərə davam gətirə bilsin”, – deyə Hindistan nümayəndəsi qeyd edib.

Sonda o vurğulayıb ki, Azərbaycan bu sahədə mühüm rol oynayır və burada tətbiq olunan təcrübə digər ölkələr üçün də nümunə ola bilər.

Müxbir - Günel Alıyeva

Videoperator - İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azertag.az

2Mənbələr