AZ

Azərbaycan şəhərsalma sahəsində dünyaya nümunə olur Afət Həsənova

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxışı Azərbaycanın beynəlxalq nüfuzunun, şəhərsalma sahəsində qazandığı uğurların və gələcəyə yönəlik strateji baxışının aydın ifadəsi oldu.

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi faktı artıq özü-özlüyündə bu tədbirin qlobal miqyasını və ölkəmizə olan böyük etimadı nümayiş etdirir: “Bu göstərici Azərbaycanın beynəlxalq platformalarda artan rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqidir.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan tarix boyu Şərqlə Qərbin qovuşduğu məkanda yerləşib və bu xüsusiyyət ölkəmizin memarlıq simasında da öz əksini tapıb. Bakıda qədim İçərişəhərdən müasir şəhər mühitinə keçid bir neçə addımlıq məsafədə baş verir və bu, tarixlə müasirliyin harmonik vəhdətinin canlı nümunəsidir. Bu yanaşma yalnız paytaxtla məhdudlaşmır, ölkəmizin digər şəhərlərində də tarixi irsin qorunması və müasir urbanizasiya prosesinin paralel şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması isə bu sahəyə verilən xüsusi önəmin göstəricisidir. Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi ilə post-münaqişə dövründə dayanıqlı və müasir yaşayış məkanlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıb.

Cənab Prezident çıxışında Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsini xüsusi vurğuladı. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və digər şəhərlərimiz əsrlər boyu formalaşmış mədəni və memarlıq ənənələrinin daşıyıcısıdır. Lahıc kimi qədim yaşayış məntəqələrində əsrlər əvvəl qurulmuş mühəndis-kommunikasiya sistemləri xalqımızın yüksək mədəni və texniki düşüncəsinin sübutudur. Qarabağın tacı olan Şuşanın yenidən qurulması isə yalnız bərpa prosesi deyil, tarixi ədalətin və milli qürurun təcəssümüdür”.

Deputatın sözlərinə görə, xüsusilə vurğulanmalıdır ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması hazırda dövlətimizin qarşısında duran ən prioritet vəzifələrdəndir: “30 illik işğal nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlər bu gün Böyük Qayıdış Proqramı çərçivəsində müasir standartlara uyğun şəkildə yenidən inşa olunur. Beş il ərzində onlarla kilometr tunel, yüzlərlə körpü, elektrik stansiyaları, su xətləri, məktəblər, xəstəxanalar, hava limanları və dəmir yollarının tikilməsi Azərbaycanın iqtisadi və təşkilati potensialının göstəricisidir. Artıq on minlərlə insan doğma torpaqlarında yaşayır, işləyir və təhsil alır.

Eyni zamanda, Bakı şəhərinin sənaye keçmişindən irəli gələn ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır. Vaxtilə çirklənmiş ərazilər bu gün müasir yaşayış və istirahət məkanlarına çevrilib, yüzlərlə park və ictimai məkan salınıb, ekoloji nəqliyyat sistemləri inkişaf etdirilib. Bu, davamlı inkişaf konsepsiyasının real icrasıdır.

Hesab edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma sahəsində qazandığı nailiyyətlərin beynəlxalq miqyasda təqdimatı olmaqla yanaşı, həm də qlobal təcrübə mübadiləsi üçün mühüm platformadır. Bu forum bir daha göstərdi ki, Azərbaycan təkcə zəngin tarixi və mədəni irsi ilə deyil, həm də gələcəyə yönəlik strateji baxışı, dayanıqlı inkişaf modeli və insan amilini prioritet hesab edən siyasəti ilə seçilir.

Əminəm ki, bu tədbirin nəticələri ölkəmizin şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və Azərbaycanın qlobal urbanizasiya gündəliyində rolunun daha da güclənməsinə mühüm töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
redaktor.az

3Mənbələr