AZ

Azərbaycanda urbanizasiya milli kimliyin və tarixi irsin qorunması ilə paralel aparılır RƏY

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) həm beynəlxalq urbanizasiya məsələlərinin müzakirə olunduğu platforma, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelini nümayiş etdirir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin qədim memarlıq irsini, müasir şəhərsalma siyasətini, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi barədə forum iştirakçılarını məlumatlandırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, tədbirə 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçının qatılması Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və Bakının qlobal dialoq platforması kimi mövqeyinin güclənməsinin göstəricisidir. Təsadüfi deyil ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da qeyd etdi ki, bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib.

“Çıxışında Azərbaycanın tarixlə müasirliyin vəhdətini qorumaq siyasətinə diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, Bakıda, qədimliklə çağdaşlıq, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu fikir, əslində, Azərbaycanın inkişaf modelinin əsas fəlsəfəsini əks etdirir. Son illərdə Bakıda həyata keçirilən genişmiqyaslı abadlıq və şəhərsalma layihələri göstərir ki, müasir urbanizasiya milli kimliyin və tarixi irsin qorunması ilə paralel şəkildə aparılır. Çünki Azərbaycan üçün şəhərsalma həm də tarixi yaddaşın qorunmasıdır. Bu yanaşma müasir dövrdə urbanizasiya siyasətinin əsas çağırışlarından biridir, ona görə ki, sürətli şəhərləşmə prosesi bəzi ölkələrdə tarixi irsin məhv olması ilə nəticələnir. Azərbaycan isə fərqli yol seçərək inkişafla milli-mədəni dəyərlərin qorunmasını paralel şəkildə həyata keçirir”, - deyə deputat əlavə edib.

Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesinə diqqət çəkən deputat tamamilə məhv edilmiş Ağdamı xüsusi vurğulayaraq bildirib ki, bu, Ermənistanın işğal siyasətinin mahiyyətini və dağıntının miqyasını bütün dünyaya bir daha nümayiş etdirib. “Hazırda Azərbaycan öz tarixini qoruyaraq müasir dövlət qurur, işğaldan azad olunmuş əraziləri yenidən dirçəldir, dayanıqlı şəhərsalma modelini inkişaf etdirir və qlobal urbanizasiya gündəliyində fəal rol oynayır. Bakıdan dünyaya verilən bu mesaj inkişafın, milli kimliyin və humanitar yanaşmanın göstəricisidir. Bakıda keçirilən WUF13 adekvat mənzilin hər kəs üçün əlçatanlığına ümidləri artırır”, - deyən Nigar Məmmədova fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
azertag.az

2Mənbələr