Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu” keçirilib.
“D-8 regionunda dayanıqlı şəhərlərin enerji ilə təmin edilməsi: enerji keçidlərinin şəhərsalma gündəlikləri ilə uyğunlaşdırılması” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, şəhərlər hazırda qlobal enerji istehlakının təxminən 70 faizini və emissiyaların əsas hissəsini formalaşdırır. Nazir vurğulayıb ki, bu reallıq D-8 ölkələri üçün şəhərlərin bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbon həlləri əsasında inkişafını zəruri edir. Qeyd olunub ki, artan urbanizasiya, enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri çağırışları fonunda yaşıl və ağıllı şəhərlər artıq yalnız inkişaf modeli deyil, həm də enerji keçidinin əsas hərəkətverici qüvvəsinə çevrilir.
Bildirilib ki, Azərbaycan “yaşıl enerji” gündəliyini strateji inkişaf prioriteti kimi irəli apararaq genişmiqyaslı bərpa olunan enerji və regional enerji dəhlizləri layihələri həyata keçirir, “yaşıl enerji zonası” təşəbbüslərini reallaşdırır, enerji səmərəliliyini artırır və elektrik şəbəkələrinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atır. Gələn il ümumi gücü 2 QVt olan 12 günəş və külək elektrik stansiyasının istismara verilməsi başa çatacaq. Bunun nəticəsində ildə təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda ağıllı kənd və şəhər konsepsiyası əsasında həyata keçirilən quruculuq işlərinin müasir inkişaf siyasətinin parlaq nümunəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ərazilərdə binalarda günəş panelləri, enerji səmərəli həllər və elektrik doldurma infrastrukturu tətbiq olunur. Eyni zamanda, 2030-cu ilədək tikilməsi planlaşdırılan 1650 MVt gücündə bərpa olunan enerji stansiyaları hesabına ildə təxminən 2 milyon ton istixana qazı emissiyasının azaldılması nəzərdə tutulur.
Qeyd edilib ki, ölkənin digər regionlarında da tətbiq olunan bu müasir şəhərsalma modeli D-8 ölkələri üçün də uğurlu təcrübə ola bilər. İnteqrasiya olunmuş yanaşma ilə həm təmiz və səmərəli enerji təchizatını yaxşılaşdırmaq, həm də şəhərləri daha dayanıqlı məkanlara çevirmək mümkündür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmudun açılış nitqlərindən sonra tədbir D-8 ölkələrinin nazir və nazir müavinlərinin çıxışları ilə davam edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.