AZ

Vaşinqton–Tehran xəttində təhlükəli gərginlik: Böyük müharibə an məsələsidir?

ABŞ-İran münasibətlərində gərginliyin yenidən yüksəlməsi Yaxın Şərqdə təhlükəsizlik risklərini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Vaşinqton və Tehran arasında mümkün hərbi qarşıdurmanın yenidən gündəmə gəlməsi region ölkələrini ciddi narahat edir. Ekspertlərin fikrincə, belə bir ssenari yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmayacaq, eyni zamanda Yaxın Şərqdə siyasi, hərbi və iqtisadi balansın gələcək istiqamətinə də birbaşa təsir göstərəcək.

Politoloq Sədrəddin Soltanlı Editor.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında hərbi qarşıdurmanın aktiv mərhələsi başa çatsa da, proses müxtəlif formalarda davam edir:

“Son dövrlərdə İraqdan qonşu ərəb ölkələrinə raket atılması, eləcə də Birləşmiş Ərəb Əmirliklərində neft obyektlərinin hədəfə alınması kimi hadisələrdə İran faktorunun olması istisna edilmir. Digər tərəfdən, ABŞ tərəfindən mümkün təxribatçı və ya hərbi addımlar atəşkəs rejiminin pozulmasına və qarşıdurmanın yenidən alovlanmasına səbəb ola bilər.

Müharibənin yenidən başlaması Yaxın Şərqdə yalnız hərbi deyil, eyni zamanda ciddi iqtisadi böhran yarada bilər. Region dövlətləri, xüsusilə ərəb ölkələri problemin diplomatik yollarla həllinə üstünlük versələr də, mümkün hərbi eskalasiya qarşısında onların təsir imkanları məhdud qala bilər.

Atəşkəs rejiminin davam etdirilməsi, xüsusən də ABŞ tərəfindən buna maraq göstərilməsi Vaşinqtonun İran məsələsini siyasi-diplomatik vasitələrlə həll etmək niyyətindən xəbər verir. Hazırkı mərhələdə regionda siyasi və hərbi balansın köklü şəkildə dəyişəcəyini söyləmək hələ tezdir. Çünki Yaxın Şərqdə əsas təsir gücü ABŞ olaraq qalır və region ölkələrinin böyük hissəsi Vaşinqtonla strateji tərəfdaşlıq münasibətlərinə malikdir”.

Politoloqun sözlərinə görə, İran hakimiyyətinin gələcək taleyi ilə bağlı məsələlər də tam aydın deyil:

“İranı dəstəkləyən əsas güclərdən biri hesab olunan Çinin əvvəlki səviyyədə Tehrana açıq dəstək verəcəyi ehtimalı zəif görünür. Eyni zamanda, Böyük Britaniyanın da ABŞ-ın yaxın müttəfiqi kimi regionda daha fəal iştirakı mümkündür. Bu baxımdan, yaxın perspektivdə Yaxın Şərqdə siyasi-hərbi balansın ciddi şəkildə dəyişdiyini demək üçün əsas yoxdur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr