AZ

WUF13 və “Euronews” mesajı - Prezidentin müsahibəsi dünyada rezonans yaratdı

“Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəndə yer alan fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı inkişaf modelinin ideoloji və strateji konturlarının təqdimatı kimi qiymətləndirilə bilər. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan artıq yalnız regional təhlükəsizlik və enerji layihələrinin iştirakçısı deyil, qlobal siyasi-iqtisadi proseslərdə təşəbbüs və söz sahibidir. Bu baxımdan müsahibə, postmünaqişə dövrünün prioritetlərini, çoxtərəfli diplomatiyanın fəlsəfəsini və yeni geosiyasi reallıqda Azərbaycanın yerini aydın şəkildə nümayiş etdirir”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

MİRZEBEY.jpeg

Onun sözlərinə görə, Prezidentin müsahibəsində ən mühüm məqamlardan biri ondan ibarətdir ki, dövlət başçısı Azərbaycanın inkişaf modelini təkcə iqtisadi göstəricilər üzərində deyil, siyasi sabitlik, milli suverenlik, texnoloji modernləşmə və mədəni identikliyin qorunması kimi paralel sütunlar üzərində təqdim edir:

“Müasir beynəlxalq münasibətlər sistemində bir çox dövlətlərin ya təhlükəsizlik, ya iqtisadiyyat, ya da milli identiklik dilemması ilə üzləşdiyi şəraitdə Azərbaycan bu istiqamətləri uzlaşdırmağa çalışan nadir modellərdən birini formalaşdırır. Xüsusilə Bakıda keçirilən WUF13 Dünya Şəhərsalma Forumu çərçivəsində səsləndirilən mesajlar göstərir ki, şəhərsalma yalnız memarlıq və infrastruktur məsələsi deyil, siyasi idarəetmə və milli inkişaf konsepsiyasının tərkib hissəsidir. Burada diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın urbanizasiya siyasətində “tarixi yaddaşın qorunması ilə gələcəyin inşası” arasında balans yaratmaq cəhdidir. Dünyanın bir çox ölkəsində sürətli urbanizasiya milli-mədəni irsin sıradan çıxmasına gətirib çıxardığı halda, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr vasitəsilə fərqli yanaşma nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil. Bu proses həm də dövlətin siyasi iradəsinin, iqtisadi potensialının və texnoloji imkanlarının nümayişidir”.

Deputat bildirib ki, Prezidentin vurğuladığı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası klassik bərpa modelindən fərqli olaraq rəqəmsal idarəetmə, yaşıl enerji, dayanıqlı iqtisadiyyat və sosial reinteqrasiyanı birləşdirən kompleks yanaşmadır:

“Əslində Qarabağda həyata keçirilən layihələr postmüharibə məkanında formalaşan yeni dövlətçilik modelinin elementləri kimi də qiymətləndirilə bilər. Çünki dünyanın müxtəlif bölgələrində münaqişədən sonra əsas problem təhlükəsizlik boşluğu, sosial parçalanma və iqtisadi tənəzzül olduğu halda, Azərbaycan paralel şəkildə infrastruktur, enerji, sosial xidmətlər və məskunlaşma siyasəti həyata keçirir. Yolların, tunellərin, hava limanlarının, elektrik stansiyalarının, məktəb və xəstəxanaların eyni vaxtda inşa olunması göstərir ki, Bakı postmünaqişə mərhələsini sadəcə humanitar məsələ kimi deyil, strateji inkişaf mərhələsi kimi görür. Bu yanaşma həm də onu göstərir ki, “Böyük Qayıdış” prosesində əsas məqsədlərdən birinin də yeni sosial-iqtisadi ekosistemin qurulmasıdır”.

Elçin Mirzəbəyli vurğulayıb ki, Prezidentin müsahibəsinin digər mühüm istiqamətlərindən biri də Azərbaycanın enerji diplomatiyası ilə bağlıdır:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu son illərdə ciddi şəkildə artıb. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixrac edilən ölkələrin sayının artması Azərbaycanın enerji strategiyasının uzunmüddətli və hesablanmış siyasətə əsaslandığını göstərir. Bu gün Avropa üçün əsas problem yalnız enerji əldə etmək deyil, etibarlı və siyasi risklərdən maksimum uzaq tərəfdaş tapmaqdır. Azərbaycan isə məhz bu kontekstdə özünü proqnozlaşdırılan, sabit və öhdəliklərinə sadiq enerji tərəfdaşı kimi təqdim edə bilib. Burada xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Bakı enerji siyasətini yalnız kommersiya maraqları üzərində qurmur. Enerji marşrutlarının şaxələndirilməsi, alternativ nəqliyyat dəhlizləri, yaşıl enerjiyə keçid və regional bağlantı layihələri Azərbaycanın geosiyasi çəkisini artıran əsas amillərə çevrilir. Prezidentin yeni qaz yataqları və enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirləri onu göstərir ki, Azərbaycan yaxın onilliklərdə də Avrasiyanın enerji xəritəsində mühüm aktor olaraq qalmağa çalışır. Bu isə ölkənin beynəlxalq təsir imkanlarını genişləndirən strateji faktordur”.

Müsahibimiz deyib ki, müsahibədə qlobal geosiyasi proseslərə dair verilən mesajlar da diqqət çəkir:

“Prezident İlham Əliyevin Yaxın Şərqdə baş verən hadisələrin dünya iqtisadiyyatına təsiri ilə bağlı fikirləri əslində müasir beynəlxalq münasibətlərin əsas dilemmasını ortaya qoyur. Lokal münaqişələr artıq regional çərçivədə qalmır və qlobal iqtisadi təhlükəsizliyə birbaşa təsir edir. Belə bir şəraitdə Azərbaycanın balanslı xarici siyasəti və müxtəlif güc mərkəzləri ilə praqmatik münasibətlər qurması ölkənin dayanıqlığını təmin edən əsas mexanizmlərdən biri kimi çıxış edir. Azərbaycanın son illərdə formalaşdırdığı diplomatik xəttin əsas xüsusiyyəti onun ideoloji qarşıdurmalardan maksimum uzaq dayanaraq istisnasız olaraq, milli maraqlar üzərində qurulmasıdır. Bu siyasət bir tərəfdən regionda sabitliyin qorunmasına imkan yaradır, digər tərəfdən isə ölkəni beynəlxalq layihələr üçün etibarlı tərəfdaşa çevirir. Nəqliyyat dəhlizləri, enerji marşrutları və logistika layihələrinin təhlükəsizliyi məsələsində Azərbaycanın oynadığı rol məhz bu etimad mühitindən qaynaqlanır. Prezident İlham Əliyevin müsahibəsində verilən əsas mesajlardan biri də budur ki, müasir dövrdə dövlətlərin nüfuzu yalnız hərbi və iqtisadi güclə ölçülmür. İnnovasiya, idarəetmə keyfiyyəti, strateji baxış və böhran şəraitində dayanıqlılıq da artıq qlobal rəqabətin əsas elementlərinə çevrilib. Azərbaycan isə postmünaqişə bərpası, enerji təhlükəsizliyi, regional əməkdaşlıq və şəhərsalma sahəsində ortaya qoyduğu model vasitəsilə özünü yeni geosiyasi mərhələnin fəal iştirakçısı kimi təqdim edir. Bu baxımdan “Euronews”ə müsahibəhəm də Azərbaycanın gələcək inkişaf trayektoriyasını beynəlxalq auditoriyaya təqdim edən siyasi-strateji manifest kimi dəyərləndirilə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr