"İstər müharibə başlayanda, istər müharibə ərəfəsində, istərsə də atəşkəs dönəmində İran da, ABŞ da heç vaxt atəşkəsdən və ya dinc münasibətlərdən imtina etməyiblər. Ümumiyyətlə, heç bir dövlət istəməz ki, hər hansı problemi və yaxud məqsədinə çatmaq istədiyi bir məsələni güc yolu ilə həll etsin. Çünki problem güc yolu ilə həll olunsa belə, bu, məqsədə çatana qədər müəyyən xərclər, dağıntılar və ciddi fəsadlar deməkdir. Yəni dövlət məqsədinə çatsa belə, əlavə itkilərlə və məsrəflərlə üzləşmiş olur. Bu nöqtədə həm ABŞ, həm də İran çalışır ki, mümkün qədər az zərərlə öz məqsədlərinə çatsınlar. İndi Hakan Fidanın bəyanatında əlbəttə ki, haqlı məqamlar var. Həm İran, həm də ABŞ istəyir ki, müharibə daha böyük zərbələr almadan, daha çox xərcə düşmədən bitsin və daha geniş coğrafiyaya yayılmasın. Tərəflərin hər ikisi çalışır ki, proses daha böyük məsrəflərə səbəb olmasın. Amma gəlin baxaq görək, bu, yetərlidirmi? Mənə elə gəlir ki, bunun üçün lazım olan zəmin hələ formalaşmayıb. Nəyə görə? Çünki ABŞ İrana ona görə zərbə endirmədi ki, gedib İranı işğal etsin və ya onu özünün növbəti ştatına çevirsin. ABŞ-nin məqsədi İrandan istədiklərini ala bilməməsi ilə bağlı idi. Yəni Vaşinqton Yaxın Şərqdə çatmaq istədiyi nəticələri əldə edə bilmirdi, İranı Çin və Rusiya ilə münasibətlərdən uzaqlaşdırıb Amerika mərkəzli xarici siyasət xəttinə gətirə bilmirdi. Bu da ABŞ-ı İrana qarşı sərt addımlar atmağa sövq etdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, İran və ABŞ arasında danışıqlarda kompromis əldə olunması üçün kifayət qədər siyasi motivasiya mövcuddur və tərəflərin ortaq məxrəcə gəlməsinə ciddi maneə görünmür. Onun açıqlamalarından belə nəticə çıxır ki, tərəflər müəyyən razılaşma nöqtəsinə yaxınlaşıblar və prosesin yekunlaşması daha çox siyasi iradədən asılıdır.
Siyasi şərhçi qeyd edib ki, İran ABŞ-nin mümkün zərbələrinə baxmayaraq, öz xarici siyasət kursundan geri çəkilmədi.