Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Ədalətli Oyunlar Komissiyasının 1998-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başladığını xatırladıb. O, idmanda ədalət prinsipinin əsas amillərdən biri olduğunu vurğulayıb.
“Ədalətsiz idman idman deyil. Antidopinq qaydaları da bununla bağlıdır. Hakimlərin yanlış qərarları idmançıların əziyyətini heçə endirir. Buna görə də bu məsələdə hər kəs diqqətli olmalıdır. İdmanı gözəlləşdirən düzgünlükdür”, – deyə Ç.Hüseynzadə bildirib.
MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev isə həm həyatda, həm də idmanda ədalətli olmağın və qarşılıqlı hörmətin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva idmanın yalnız nəticə və medallardan ibarət olmadığını qeyd edib:
“İdmanda ədalət prinsipi, humanizm və qarşılıqlı hörmət xüsusi önəm daşıyır. İdmançıların yalnız fiziki hazırlığı deyil, mənəvi keyfiyyətləri də diqqətdə saxlanılmalıdır”.
Daha sonra müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıblar. Hikmət Səmədov “Bədən tərbiyəsi və idman xadimi”, paralimpiyaçı Lamiyə Vəliyeva “Ədalətli oyun prinsiplərinə sadiq idmançı”, güləş məşqçisi Cəbrayıl Həsənov “Ədalətli məşqçi”, voleybol hakimi Fuad Ağayev isə “Ədalətli hakim” adına layiq görülüb.
Həmçinin “Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı” mükafatı ATV telekanalının əməkdaşı Sənan Şəfizadəyə təqdim edilib. “Olimpiya dünyası” qəzeti də Ədalətli Oyunlar Hərəkatındakı fəaliyyətinə görə təltif olunub.