Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, nazirliyin Aparat rəhbəri Azad Cəfərli mayın 19-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər, Yevlax və Qazax rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Bu barədə AZƏRTAC-a KTN-dən məlumat verilib.
Bildirilib ki, vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, əkin sahələrinin bəyan edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Daha sonra Azad Cəfərli Tərtər rayonunun Soyulan kəndində fermer Zəfər Nəsirova məxsus pomidor yetişdirilən istixanaya, Tərtər rayonun Xoruzlu kəndində “Patron” günəbaxan tumlarının istehsalı zavoduna və Ağdərə rayonunun Suqovuşan qəsəbəsində yerləşən “İnterong” MMC-yə məxsus balıqçılıq təsərrüfatına baxış keçirib. Baxış zamanı fermer və sahibkarlarla aqrar sektorda innovativ texnologiyaların tətbiqi, balıqçılığın inkişafı, kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.