“Rusiya Baş Qərargahı hazırda şimaldan, yəni Belarus ərazisindən yeni hücum əməliyyatlarını fəal şəkildə hesablayır və planlaşdırır. Çox güman ki, bununla da cəbhə xətti daha da böyüyəcək”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Militarnyi” yutub kanalına müsahibəsində bildirib.
Baş komandan kəşfiyyatın son məlumatlarına və Prezident Volodimir Zelenskinin bəyanatlarına istinadən şimaldan gələn təhlükənin real olduğunu vurğulayıb. Zelenski də bir qədər əvvəl rəsmi Moskvaya işarə edərək, Rusiyanın Belarusu Ukrayna ilə münaqişəyə cəlb etməyə çalışacağını iddia etmişdi.
Lakin Ukrayna rəhbərliyində və hərbi dairələrində Sırskinin bu xəbərdarlığı ilə razılaşmayanlar da var. Ukrayna Prezident Ofisinin rəsmisi Pavel Palisa “24 kanal”a müsahibəsində bildirib ki, Rusiyanın Belarus ərazisindən hücuma keçməsi üçün orada ciddi və adekvat bir hərbi qruplaşma toplaması şərtdir, lakin hazırda belə bir potensial görünmür.
Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmisi Andrey Demçenko da Belarus sərhədində hər hansı texnika hərəkətliliyinin və ya rus qoşunlarının cəmləşməsinin qeydə alınmadığını təsdiqləyib. Onun sözlərinə görə, rəsmi Moskva hazırda Belarus ərazisində Ukrayna sərhədini keçə biləcək miqyasda hərbi qüvvə saxlamır.
Xatırladaq ki, rəsmi Kiyev Belarus tərəfdən mümkün təhlükələrə qarşı sərhəddəki körpüləri uçurmaq və minalamaqla müdafiə tədbirlərini gücləndirib.
"Cebheinfo.az"