İranın ali dini lideri Müctəba Xameneinin sağlıq durumu ilə bağlı şübhələr qalmaqdadır.
Musavat.com Gunaz. TV-yə istinadla xəbər verir ki, Müctəba Xameneinin İran rəhbərliyinə gətirilməsindən indiyədək onun yeni görüntüsü və ya səs yazısı yayımlanmadığı halda, İran Səhiyyə Nazirliyinin bir rəsmisi onun ABŞ və İsrail hücumları zamanı “əza itkisi” yaşamadığını iddia edib. İran Səhiyyə Nazirliyinin rəsmisi Hüseyn Kərmanpur Müctəba Xameneinin vəziyyəti barədə danışarkən deyib: “Bu xəsarətlər o həddə deyildi ki, o, şəhid imam (Əli Xamenei) kimi qazi sayılsın və ya hansısa əzası amputasiya olunsun".
O, əlavə edib ki, xəsarətlər ciddi olmayıb və yalnız ayaq nahiyəsində “iki-üç tikiş” atılması kifayət edib.
Kərmanpur həmçinin Müctəba Xameneinin üz nahiyəsindəki xəsarətlərlə bağlı iddia edib ki, “üzünün görünüşünü pozacaq səviyyədə olmayıb.”
Bu açıqlamalar İranın yeni rəhbərinin fiziki durumu ilə bağlı ziddiyyətli məlumatların yayıldığı bir vaxtda verilib. “Röyters” bundan əvvəl hakimiyyətə yaxın mənbələrə istinadən Müctəba Xameneinin üz və ayaqlarından ciddi xəsarət aldığını yazmışdı.
ABŞ müdafiə naziri Pit Heqset də onun üzündə və ya bədənində görünən fiziki dəyişikliklərin ola biləcəyini bildirmişdi.
Buna baxmayaraq, əsas sual hələ də cavabsız qalır: hakimiyyət “tam sağlam” olduğunu deyən şəxsin niyə aylardır bir neçə saniyəlik də olsa kamera qarşısına çıxmadığını izah etmir?
İran tərəf bunu təhlükəsizlik mülahizələri lə izah edir.
Musavat.com