Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında telefon danışığı olub.Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Tərəflər Türkiyə-Aİ münasibətləri, regional hadisələr və qlobal gündəmdəki məsələləri müzakirə ediblər.
Fon der Lyayen danışığı məhsuldar qiymətləndirərək Türkiyənin strateji əhəmiyyətini vurğulayıb.
“Türkiyə gərgin bölgədə əsas tərəfdaşdır”, – o bildirib.
Avropa Komissiyasının rəhbəri Aİ ilə Türkiyənin ticarət marşrutlarının açıq saxlanılması, enerji axınlarının davamlılığı və təchizat zəncirlərinin sabitliyinin təmin olunması kimi məsələlərdə ortaq maraqlara malik olduğunu qeyd edib və əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Danışıq zamanı Türkiyənin regionda gərginliyin azaldılmasına verdiyi töhfə və İran məsələsində diplomatik həll istiqamətində səyləri də müsbət qiymətləndirilib.
Tərəflər, həmçinin Şərqi Aralıq dənizi və Kipr məsələlərini müzakirə edib, Aİ-nin BMT-nin rəhbərlik etdiyi prosesləri dəstəkləməyə hazır olduğunu bildiriblər.
Ərdoğan və fon der Lyayen Türkiyə-Aİ münasibətlərinin inkişafı ilə bağlı dialoqu davam etdirmək barədə razılığa gəliblər.