AZ

Tibo Kurtua İspaniya klubunun həmsahibi oldu – ARENA.AZ

Futbol üzrə Belçika yığmasının və Madrid “Real”ının əsas qapıçısı Tibo Kurtua İspaniyanın “Ekstremadura” klubunun həmsahibi olub.

Arena.az xəbər verir ki, Kurtuanın həmtəsisçilərindən biri olduğu idman investisiya platforması NXTPLAY bu mövsümün yekunlarına əsasən İspaniyanın 3-cü divizionuna yüksəlmiş klubun səhmlərinin bir hissəsini alıb.

Şirkət daha əvvəl növbəti mövsüm Liqa 1-də iştirakını təmin etmiş “Le Mans” klubuna da investisiya yatırmışdı.

Xatırladaq ki, Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.

“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 44 oyun keçirib, 41 qol buraxıb, 17 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Tibo Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 332 oyun, 323 buraxılmış qol və 129 “quru” oyundan ibarətdir.

“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu və FIFA Qitələrarası Kuboku qazanıb.

Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.

Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 107 oyun keçirib, 84 qol “yeyib”, 54 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 34 yaşlı qapıçının transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
8
arena.az

10Mənbələr