AZ

Rus Z-blogerlər Gerasimovu tənqid edirlər: Kağız üzərində artıq Xarkovu da alacaqlar  

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna cəbhəsi ilə bağlı növbəti bəyanatları bu dəfə hətta Kremlə yaxın Z-hərbi bloqerlərin istehzasına səbəb olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Gerasimov yenidən Kupyanskın “ələ keçirildiyini”, rus ordusunun qərbə doğru irəlilədiyini və yeni yaşayış məntəqələrinin “azad olunduğunu” açıqlayıb.

Baş Qərargah rəisi bildirib ki, 6-cı ordunun bölmələri Kupyanskdan qərb istiqamətində hücumu davam etdirir və Şevçenkovo istiqamətində irəliləyir. O, Kutkovkanın “azad edildiyini”, Velikaya Şapkovka uğrunda döyüşlərin getdiyini də iddia edib.

Lakin məqalədə qeyd olunur ki, reallıq tam fərqlidir. Kupyansk hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Halbuki şəhərin “azad edilməsi” barədə ilk bəyanatlar ötən ilin noyabrında verilmişdi. OSINT xəritələri də göstərir ki, rus ordusunun şəhərin qərbinə doğru real irəliləyişi yoxdur. Gerasimovun adını çəkdiyi yaşayış məntəqələri də Ukrayna ordusunun nəzarətində qalır. Rusiya qüvvələri yalnız Kutkovkaya yaxınlaşıb, Velikaya Şapkovkaya qədər isə təxminən 5 kilometrlik məsafə qalır.

Gerasimov daha sonra 1-ci tank ordusunun Borovaya qəsəbəsini “ələ keçirdiyini” bildirib. Ancaq yayılan videonun Borovayada deyil, artıq çoxdan Rusiya ordusunun nəzarətində olan Kolomıyçixa kəndində çəkildiyi ortaya çıxıb. Hətta Rusiya Müdafiə Nazirliyinə yaxın böyük Z-kanallardan biri də bunu təsdiqləyib. Onların məlumatına görə, rus qüvvələri aprelin sonunda Borovayanın kənarına daxil olsalar da, may ayında Ukrayna ordusu onları geri çəkilməyə məcbur edib.

Baş Qərargah rəisinin digər iddiası Krasnı Limanla bağlı olub. Gerasimov şəhərin 85 faizinin Rusiya nəzarətində olduğunu və küçə döyüşlərinin davam etdiyini deyib. Amma həmin gün Z-bloqerlərin özləri Limanda döyüşlərin yalnız kənar ərazilərdə getdiyini, cəbhədə ciddi dəyişiklik olmadığını yazıblar:“Heç bir 85 faizlik nəzarətdən söhbət gedə bilməz.”

Məqalədə Z-kanalların Gerasimovu açıq şəkildə ələ saldığı vurğulanır. Onlardan biri yazıb:

“Kupyansk məsələsi ona öyrətdi ki, səhv etmək olar, amma yalan danışmaq lazımdır.”

Başqa bir bloqer isə istehza ilə bunları yazıb:

“Bu templə hesabatlarda yaxın vaxtda Xarkovu da alacağıq.”

Məqalənin sonunda qeyd olunur ki, əslində 2026-cı ilin əvvəlindən Rusiya ordusunun Ukraynadakı irəliləyişi ciddi şəkildə zəifləyib, may ayında isə faktiki olaraq dayanıb. Bu fonda Dövlət Dumasının deputatı Renat Suleymanov ilk dəfə açıq şəkildə müharibənin dayandırılmasının vacibliyini dilə gətirib. O bildirib ki, Rusiya iqtisadiyyatı “xüsusi hərbi əməliyyat”ın uzun müddət davam etməsinə tab gətirməyəcək.

Musavat.com

Seçilən
90
musavat.com

1Mənbələr