Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyi Rusiyadan uran idxalına qadağa tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Sənədə əsasən, Rusiya uranının həm birbaşa, həm də dolayı yollarla alınması, tədarükü və çatdırılması qadağan olunur. Bununla yanaşı, yeni qaydalar sözügedən məhsulun idxalı ilə bağlı texniki yardımın göstərilməsini, habelə maliyyə və broker xidmətlərini də əhatə edir.
Qadağa bu gün, 20 may 2026-cı il tarixində qüvvəyə minir.
Bununla belə, qərarda bir sıra istisnalar da nəzərdə tutulub. Xüsusilə, 20 may 2026-cı il tarixinə qədər istismara verilmiş üçüncü ölkələrdəki nüvə qurğularının işini davam etdirməsi üçün Rusiya uranından istifadəyə icazə verilir. Həmçinin, sanksiyalar qüvvəyə minməzdən əvvəl idxal edilmiş və üçüncü ölkələrdə saxlanılan Rusiya uranı da istisnalar siyahısına daxildir.