Astanada keçirilən “Qızıl Orda: tarix, arxeologiya, mədəniyyət və identiklik” mövzusunda beynəlxalq simpoziumda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müasir texnologiyaların əhəmiyyətini vurğulayıb.
Prezident bildirib ki, süni intellekt və rəqəmsallaşma XXI əsrin əsas reallığıdır və bu proses bəşəriyyətin gələcəyinə birbaşa təsir edir.
Onun sözlərinə görə, Qazaxıstan bu sahədə gənc nəslin hazırlanmasına xüsusi diqqət yetirir və artıq süni intellektin təhsil sisteminə tətbiqi istiqamətində addımlar atılır.
Tokayev əlavə edib ki, ölkədə rəqəmsal və nəqliyyat dəhlizləri yaradılır, bu isə Böyük İpək Yolunun müasir formatda yenidən formalaşmasına imkan verir. O, həmçinin bildirib ki, avqust ayında Qazaxıstanda UNESCO himayəsi altında süni intellekt üzrə beynəlxalq olimpiada keçiriləcək
Qeyd edək ki, simpoziumun məqsədi Qızıl Orda irsinin araşdırılması və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsidir.