AZ

Daşkənddə “Şərq filologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Daşkənd Oriental Universitetində “Şərq filologiyasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 

Konfransda Özbəkistandan başqa Türkiyə, İran, Koreya, Yaponiya və Misirdən gələn alimlər, professorlar və tədqiqatçılar iştirak edib. 

Konfransda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib, türk xalqlarının ortaq ədəbi-mədəni irsinin elmi müstəvidə təşviqi, humanitar əməkdaşlığın genişləndirilməsi və mədəni dialoqun dərinləşdirilməsi istiqamətində müzakirələrdə fəal mövqe sərgiləyib.

Tədbirin proqramı Şərq filologiyasının müxtəlif istiqamətlərini, klassik mətnlərin tədqiqini, tarixi dillərin öyrənilməsini və mədəni-fəlsəfi irsin müasir elmi yanaşmalar əsasında araşdırılmasını əhatə edib. 

Konfransın açılış mərasimində çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli türk xalqları arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb,  deyilib ki, belə tədbirlər yalnız filoloji tədqiqatların inkişafına deyil, eyni zamanda türk xalqlarının ortaq mədəni irsinin qorunmasına, sistemli şəkildə öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Çıxış zamanı diqqətə çatdırılıb ki, cari il türk dünyasının mədəni və elmi həyatı baxımından əlamətdar dövrlərdən biri kimi səciyyələnir. Xüsusilə, Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə keçirilən tədbirlər Şərq fəlsəfəsi və klassik poetik ənənələrin yenidən elmi müstəviyə çıxarılmasına mühüm töhfə verib. Bununla yanaşı, universitetdə “Xaqani Şirvani adına Türkologiya Tədqiqatları Auditoriyası”nın fəaliyyətə başlamasının da türkoloji araşdırmaların inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Məruzədə tarixi-mədəni kontekstdə vurğulanıb ki, türk xalqlarının ortaq mənəvi irsinin formalaşmasında Mahmud Kaşğari, Yusuf Balasaqunlu, Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Məhəmməd Füzuli və Abay Kunanbayev kimi görkəmli şəxsiyyətlərin rolu mühüm olub. Qeyd edilib ki, onların yaradıcılığı dövrünün ədəbi-estetik düşüncəsini zənginləşdirməklə yanaşı türk xalqlarının ortaq dil, mədəniyyət və mənəvi dəyərlərinin qorunub saxlanılmasına mühüm təsir göstərib.

Konfrans çərçivəsində aparılan müzakirələr klassik irsin müasir elmi metodologiyalar əsasında yenidən tədqiqinin aktuallığını nümayiş etdirib, yeni elmi təşəbbüslərin formalaşdırılması üçün əlverişli platforma yaradıb. Tədbir xüsusilə gənc tədqiqatçılar üçün beynəlxalq akademik mühitdə elmi təcrübə qazanmaq, fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıqlar qurmaq baxımından mühüm əhəmiyyət kəsb edib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr