AZ

Ağ ayıda quş qripi aşkarlandı

Norveç hakimiyyəti Avropada ilk dəfə bir ağ ayıda quş qripi virusunun aşkarlandığını açıqlayıb. Hadisə Arktikada yerləşən Svalbard arxipelaqı bölgəsində qeydə alınıb.

Belə ki, ölü tapılan təxminən bir yaşlı erkək ağ ayı və bir morjdan götürülən nümunələrdə H5N5 quş qripi variantı müəyyən edilib.

Araşdırmaları aparan Norveç Baytarlıq İnstitutu virusun məməlilər arasında daha geniş yayılmağa başladığını bildirib.

İnstitutun quş qripi üzrə koordinatoru Raqnhild Tonnessen son illərdə yüksək patogenli quş qripi viruslarının Arktika da daxil olmaqla, yeni bölgələrə yayıldığını qeyd edib. Onun sözlərinə görə, bu vəziyyət xüsusilə həssas ekosistemlər və nadir heyvan növləri üçün ciddi risk yaradır.

Svalbard qubernatorluğu isə həm ağ ayıdan, həm də morjdan götürülən beyin nümunələrində virus izlərinin tapıldığını və heyvanların ölüm səbəbinin quş qripi olduğunu açıqlayıb.

Qeyd edək ki, 2023-cü ildə də Svalbard arxipelaqında quş qripindən ölən bir morj aşkar edilmişdi. Eyni ildə virus Alyaskada ölən bir ağ ayıda da müəyyən olunmuşdu.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, 2025-ci ilin yanvarından 2026-cı ilin martına qədər təxminən 70 ölkədə quş qripi səbəbindən 140 milyona yaxın heyvan ölüb və ya məhv edilib. Mütəxəssislər virusun quşlardan digər növlərə keçməsinin insan sağlamlığı baxımından da narahatlıq yaratdığını bildirirlər.

Seçilən
1
1
ekologiya.az

2Mənbələr