AZ

Hantavirus həyəcanı:Maska satışı kəskin artdı

Fransada Hantavirusla bağlı artan narahatlıq qoruyucu vasitələrə tələbatı yenidən gündəmə gətirib. Xüsusilə FFP2 tipli maskaların satışında son günlər nəzərəçarpacaq artım müşahidə olunur.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, son üç gün ərzində ölkədə təxminən 15 min qutu FFP2 maskası satılıb. Halbuki, adi dövrdə bu göstərici həftəlik orta hesabla cəmi 2 400 qutu təşkil edirdi. Tələbatın artması qiymətlərə də təsirsiz ötüşməyib. Belə ki, maskaların bir qutusunun qiyməti 5 avrodan 7 avroya yüksəlib.

Fransa rəsmiləri hazırkı vəziyyətin ciddi təhlükə yaratmadığını bildirsələr də, əhali arasında narahatlıq davam edir. Səhiyyə qurumlarının məlumatına görə, Hantavirusla təmasda olmuş 26 nəfərin hamısının test nəticəsi mənfi çıxıb və onlar nəzarət altında saxlanılır.

Mütəxəssislər qeyd edirlər ki, hantavirusun ölüm göstəricisinin 30-40 faiz arasında olması və inkubasiya dövrünün uzun çəkməsi insanlarda ehtiyatlı davranışın artmasına səbəb olub. Bu səbəbdən bir çox fransız pandemiya dövründə olduğu kimi yenidən qoruyucu maskalardan istifadə etməyə başlayıb. Hazırda vəziyyət nəzarət altında olsa da, maska satışındakı bu kəskin artım cəmiyyətin mümkün sağlamlıq risklərinə qarşı həssas yanaşdığını göstərir.

Aydın

Seçilən
2
bakivaxti.az

1Mənbələr