AZ

Neyrocərrahlar Assosiasiyasının konqresi başa çatıb

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Neyrocərrahlar Assosiasiyasının “II Milli Neyrocərrahiyyə” konqresi başa çatıb.

AZƏRTAC xəbər verir ki, konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində müasir yanaşmaların, innovativ cərrahi metodların və beynəlxalq təcrübələrin müzakirəsi, həmçinin yerli və xarici mütəxəssislər arasında elmi əməkdaşlığın gücləndirilməsi olub. Tədbir çərçivəsində beyin və onurğa cərrahiyyəsi, damar neyrocərrahiyyəsi, neyroonkologiya, uşaq neyrocərrahiyyəsi, minimal invaziv cərrahiyyə və neyroreanimasiya kimi aktual mövzular üzrə elmi sessiyalar təşkil olunub.

Elmi-praktik konqresdə 250-dən çox yerli və xarici mütəxəssis iştirak edib, ümumilikdə 91 məruzəçi çıxış edib. Onlardan 38-i xarici mütəxəssis olub.

Yerli və beynəlxalq ekspertlərin iştirakı tədbirin elmi səviyyəsinin və beynəlxalq əməkdaşlıq imkanlarının genişliyinin göstəricisidir.

Konqresin açılış mərasimində Azərbaycan Neyrocərrahlar Assosiasiyasının sədri Rövşən Xəlilzadə, “II Milli Neyrocərrahiyyə” Konqresinin sədri Toğrul Cavadov, Avropa Neyrocərrahlar Assosiasiyasının prezidenti Francesco Sala, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva və Türk Nöroşirürji Dərnəyinin prezidenti İlker Solmaz çıxış edərək konqresin elmi əhəmiyyətindən, beynəlxalq əməkdaşlığın vacibliyindən və neyrocərrahiyyə sahəsinin gələcək inkişaf perspektivlərindən bəhs ediblər.

İki gün davam edən konqres çərçivəsində panel müzakirələri, interaktiv təqdimatlar və təcrübə mübadiləsi sessiyaları keçirilib. Tədbir iştirakçılar üçün həm yeni elmi biliklərin əldə olunması, həm də beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Seçilən
36
azertag.az

1Mənbələr