AZ

“Neftçi” forması geyinirsənsə, təzyiqə hazır olmalısan” (MÜSAHİBƏ)

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Neftçi”nin əvəzedici komandası liqada çempionluq şansını itirib.

Sona bir tur qalmış əsas rəqibi “Sabah-2″yə məğlub olan (1:2) “ağ-qaralar” 50 xalla üçüncü sırada qərarlaşıb.

Komandanın baş məşqçisi Rəşad Abdullayevlə mövsümlə bağlı danışdıq:

– Çempionluq yarışında əsas rəqibinizə məğlub oldunuz. Fikirlərinizi bildirərdiniz.

– “Sabah”la oyun gərgin keçdi. Bu matça futbolçuları yaxşı kökləmişdik. Bilirdik ki, qələbə vacibdir, əks halda, çempionluq şansımız qalmayacaq. Hücumlar etdik, müdafiədə diqqətli oynamağa çalışdıq. İkinci hissənin ortalarında kuryoz qol buraxdıq. Bundan sonra sistemi dəyişdik, irəli atıldıq. Son dəqiqələrdə rəqib əks-hücumdan fərqləndi və qələbə qazandı. Buna baxmayaraq, futbolçuları təbrik etdim, mövsümboyu yaxşı mübarizə apardılar.

– Ötən mövsümdə son turda məhz “Sabah-2” ilə heç-heçə edərək, qızıl medaldan olmuşdunuz. Sanki tarix təkrarlandı…

– Bəli, keçən il də bu rəqiblə son oyunda çempionluğu əldən vermişdik. Nə deyim, qismət. Ümumi götürəndə, komandadan razıyam, asan məğlub olmuruq. “Neftçi” olaraq meydanda varlığımızı göstəririk.

– Bu mövsüm gümüş medal şansınız da qalmayıb. Komandanın zirvə yarışından qopmasının səbəbi nədir?

– Keyfiyyət problemi yaşadıq. Çünki əsas heyətdən oyunçular getmişdi. Matçlarda 5-6 futbolçunun təcrübəsizliyi sözünü dedi. Bizimçün əsas olan futbolçulara qələbə ruhunu aşılamaq idi. Birinci olmasaq da, çempion kimi komandayıq. Bu dəfə qismət deyilmiş.

– Üçüncü pilləni “Neftçi” adına necə dəyərləndirirsiniz?

– Ümumi vəziyyətə baxsaq, “üçlük”də olmağımız bir uğurdur. Ötən il daha keyfiyyətli heyətimiz var idi. Bu mövsüm 4-5 futbolçumuza çox yük düşdü. Digər oyunçular isə istənilən keyfiyyəti verə bilmirdi. Bu mövsüm onlar üçün də böyük təcrübə oldu. “Neftçi”dəsənsə, daim zirvədə olmağı düşünməlisən. Hər futbolçu inkişaf edir, hər oyun onlar üçün bir qazancdır.

– Ümumi mövsümlə bağlı fikirləriniz nədir?

– Son tura kimi həyəcanı saxladıq. Bu il bizə qarşı çox güclü hazırlaşdılar. “Neftçi” forması geyinirsənsə, təzyiqə hazır olmalısan. Baxırıq, bizimlə üz-üzə gələn komandalar bizə çox ciddi müqavimət göstərir, amma növbəti turda böyük hesabla uduzur. Futbolçulara bunu izah etmişdim. “Neftçi”də olmağın məsuliyyətini hiss etmək mühümdür. Bu mövsüm təcrübəsizliyin qurbanı olduq. Liqada gərgin mübarizə getdi. Zirvə yarışında həyəcanı davam etdirdik. Son turda səfərdə məğlub olduq, çempionluq şansımızı itirdik. Ümumilikdə isə layiqli mübarizə apardıq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
futbolpress.az

1Mənbələr