AZ

Günnüt əməliyyatı Azərbaycan Ordusunun “Dəmir yumruq” müjdəsi idi

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

8 il öncə Naxçıvanda erməni işğalçılarına daha bir dərs verildi

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi – Əlahiddə Ümumqoşun Ordunun 2018-ci il may ayının 20-dən 27-dək həyata keçirdiyi Günnüt əməliyyatı ölkəmizin hərb tarixində xüsusi yer tutur. Bu əməliyyat genişmiqyaslı müharibə deyildi. Burada uzunmüddətli şiddətli döyüşlər, böyük insan tələfatı, dağıntılar və müharibələr üçün spesifik olan digər hallar yaşanmadı. Lakin qısa müddət ərzində əldə edilən nəticələr həm hərbi baxımdan, həm də psixoloji cəhətdən çox ciddi əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusu strateji yüksəklikləri nəzarətə götürdü, müdafiə xəttini irəli çəkdi və Naxçıvanın təhlükəsizlik imkanlarını genişləndirdi.

Hadisələrin gedişatı göstərdi ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra bu addım regiondakı hərbi balansın dəyişməsi baxımından mühüm mərhələ idi. Ələlxüsus, Naxçıvan kimi mürəkkəb coğrafi mövqeyə malik ərazidə belə uğur Azərbaycan Ordusunun hazırlıq səviyyəsini və imkanlarını nümayiş etdirdi.

Naxçıvanın strateji mövqeyi

Ermənistanın 1980-ci illərin sonlarından Azərbaycana qarşı başlayan təcavüzkarlıq planlarında Naxçıvan müstəsna yer tuturdu. Heç də təsadüfi deyil ki, silahlı erməni quldur dəstələrinin basqınları nəticəsində muxtar respublikanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yeganə avtomobil yolu kəsilmiş, dəmir yolunda tez-tez təxribatlar törədilmiş, qatarlar daşa, gülləyə tutulmuş, yollar və körpülər partladılmış, Naxçıvan üçün nəzərdə tutulan ərzaq və yüklər talan edilmişdi. Həmin vaxt Naxçıvan son dərəcə çətin şəraitdə yaşayırdı. Bütövlükdə əraziyə edilən erməni basqınları nəticəsində 12 nəfər, o cümlədən 2 uşaq həlak olmuşdu. Bölgədəki Sovet ordu hissələrinin seyrçi mövqeyi, təcavüzkarı dəf etməkdən qəti boyun qaçırması nəticəsində Sədərək rayonunun Kərki və Şərur rayonunun Günnüt kəndləri işğal edilmiş, Sədərək rayonunun eyniadlı kəndi, Şahbuz rayonunun Şada, Babək rayonunun Gərməçataq və Şərur rayonunun Havuş kəndlərində evlər dağıdılmış və yandırılmışdı. Culfa rayonunun Ərəfsə, Şərurun Şahbulaq, Şahbuzun Şada, Yuxarı Buzqov və digər kəndlər sovet hərbçilərinin gözləri önündə müntəzəm atəşə tutulmuşdu. Son dərəcə acınacaqlı durumda, blokada şəraitində olan Naxçıvan yalnız 1990-cı il iyulun 22-də Heydər Əliyevin doğma yurda qayıdışından sonra nicat tapmağa başladı. Ulu öndərin sonradan bütün ölkəni əhatə edən xilaskarlıq missiyası məhz Naxçıvandan başlamışdı.

Hərb tarixi göstərir ki, dağlıq ərazilərdə yüksəkliklərə sahib olmaq çox böyük üstünlük yaradır. Kim yüksək nöqtəyə nəzarət edirsə, o, həm müşahidə imkanlarını genişləndirir, həm də qarşı tərəfin hərəkətlərini daha rahat izləyə bilir. Günnüt istiqaməti də məhz belə ərazilərdən biri idi. Uzun müddət Ermənistan silahlı qüvvələri bəzi yüksəkliklər vasitəsilə müəyyən müşahidə imkanlarına malik idi. Bu vəziyyət Naxçıvan istiqamətində təhlükəsizlik riskləri yaradırdı.

Azərbaycan Ordusu isə illər ərzində bölgədə həm texniki hazırlığı artırmış, həm də müdafiə imkanlarını gücləndirmişdi. 2018-ci ilə gəldikdə artıq Azərbaycan Ordusunda yeni yanaşmalar açıq hiss olunurdu. Ordumuzun maddi-texniki bazası güclənmiş, müasir silah sistemləri alınmışdı. Ən vacib məsələlərdən biri isə şəxsi heyətin peşə hazırlığının yüksəlməsi idi. Günnüt əməliyyatı məhz bu hazırlığın nəticələrindən biri hesab olunur.

Günnüt kəndi və əməliyyat bölgəsi

Qeyd etdiyimiz kimi, Günnüt kəndi Şərur rayonunun inzibati ərazisinə daxildir. Kəndin ətrafı əsasən dağlıq və yüksəkliklərlə əhatə olunub. Bu coğrafiya bölgəyə xüsusi hərbi əhəmiyyət verir. Çünki yüksəkliklər həm müşahidə aparmaq, həm də müdafiə mövqeləri qurmaq üçün əlverişli şərait yaradır. Əməliyyatın əsas məqsədi yalnız müəyyən mövqeləri ələ keçirmək deyildi. Məqsəd eyni zamanda, Naxçıvan istiqamətində təhlükəsizlik xəttini daha əlverişli mövqeyə çıxarmaq idi. Bu addım gələcək risklərin qarşısını almaq baxımından da əhəmiyyət daşıyırdı.

Hərbi ekspertlərin fikrincə, Günnüt istiqamətində nəzarətə götürülən yüksəkliklər son dərəcə vacib müşahidə imkanları yaradırdı. Bu mövqelər vasitəsilə yolları, hərəkət istiqamətlərini və müxtəlif strateji nöqtələri izləmək mümkün idi.

Əməliyyatın başlanması

2018-ci il mayın 20-27-də həyata keçirilən Günnüt əməliyyatı qısa müddətdə və yüksək dəqiqliklə aparıldı. Burada əsas amillərdən biri planlaşdırmanın düzgün qurulması idi. Əlahiddə Ümumqoşun Ordunun xüsusi hazırlıq keçmiş bölmələri çətin relyef şəraitində sürətli irəliləyiş əldə etdilər. Əməliyyat zamanı bir neçə vacib yüksəklik və mövqe nəzarət altına alındı. Bu proses böyük diqqətlə həyata keçirilirdi. Çünki hərbi ekspertlərin bildirdikləri kimi dağlıq ərazilərdə ən kiçik səhv ciddi təhlükə yarada bilər. Ordumuzun həmin dövrdə nümayiş etdirdiyi çeviklik diqqət çəkirdi. Əməliyyat göstərdi ki, ordumuz təkcə müdafiə mövqeyində dayanmaqla kifayətlənmir, lazım gəldikdə, təşəbbüsü ələ almağı da bacarır.

Məlumat niyə gec yayılmışdı?

Əməliyyat mayın sonlarında həyata keçirilsə də, bu barədə məlumat bir qədər gec – iyunun 8-də açıqlandı. Həmin gün Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi: “1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan çoxu əkinçilik, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir”.

Məlumatda qeyd edilirdi ki, Günnütü nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan–Yexeqnadzor–Gorus–Laçın–Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. “Ərazinin etibarlı müdafiəsi və təminat məqsədilə 50 km yeni yol çəkilib, 50 km-dən uzun yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub”, – deyə Əlahiddə Ümumqoşun Ordu bildirirdi.

Əldə edilən uğur böyük Zəfərə təşnə olan xalqımızda böyük ruh yüksəkliyinə səbəb oldu. İnsanlar uzun illərdən sonra ilk dəfə olaraq Naxçıvan istiqamətində belə ciddi irəliləyişin şahidi olurdular. Bununla belə, haqlı sual yaranırdı; əməliyyat barədə məlumat niyə gec açıqlanıb? Əlbəttə, əlahəzrət zaman bütün məsələləri yoluna qoyduğu, bütün suallara vaxtı çatanda cavab verdiyi kimi bu nigaranlığı da vaxt yetişəndə aradan qaldırdı. Nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Prezident, Ali Baş Komandan İlham Əliyev bununla bağlı fikirlərini 2021-ci il mayın 10-da muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində açıqladı. Həmin müsahibədən iqtibas gətirmək, zənnimizcə, yerinə düşər: “Əlbəttə ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu, bir növ, ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır.

Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”.

Azərbaycan Ordusunun Zəfər sorağı

Günnüt əməliyyatı bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu əvvəlki illərlə müqayisədə tamamilə fərqli səviyyəyə yüksəlib. Əməliyyat zamanı koordinasiya, sürət və dəqiqlik xüsusi diqqət çəkirdi. Müasir dövrdə hərbi uğur yalnız silah, yaxud şəxsi heyətin say tərkibindən asılı deyil. Hazırlıq, çeviklik, informasiya üstünlüyü və düzgün idarəetmə çox vacib rol oynayır. Günnüt əməliyyatında bu amillərin bir çoxu açıq şəkildə hiss olunurdu. Əməliyyat həm də ordumuzda peşəkar kadr potensialının formalaşdığını nümayiş etdirdi. Çətin dağ şəraitində hərəkət etmək xüsusi təcrübə tələb edir. Azərbaycan hərbçiləri həmin şəraitdə uğurla fəaliyyət göstərə bildilər. Bundan əlavə, texniki imkanların genişlənməsi də nəticəyə təsir edən əsas amillərdən idi. Müasir müşahidə vasitələri, rabitə sistemləri və koordinasiya imkanları əməliyyatın effektivliyini artırmışdı.

Psixoloji təsir

Günnüt əməliyyatının yaratdığı təsir yalnız hərbi sahə ilə məhdudlaşmırdı. Hadisə, qeyd etdiyimiz kimi, cəmiyyətdə ciddi marağa səbəb oldu və böyük ruh yüksəkliyi yaratdı. Mövzu sosial şəbəkələrdə və mediada geniş müzakirə edildi. İnsanlar ordumuzun uğurunu qürur hissi ilə qarşıladılar. Ordunun güclənməsi cəmiyyət daxilində özünəinam hissini yüksəldən amillərdən birinə çevrildi. Xalqda güvən hissi möhkəmləndi. Eyni zamanda, vətəndaşlar Azərbaycan Ordusunun imkanlarını daha yaxından gördülər. Əməliyyat həm də gənclərin orduya münasibətinə müsbət təsir göstərdi. Hərbi xidmətə maraq artdı.

Ümumiyyətlə, işğal faktoru uzun illər ərzində cəmiyyətdə psixoloji travmaya çevrilmiş, ağır yük yaratmışdı. Bu səbəbdən hər bir uğurlu addım insanlar tərəfindən xüsusi həssaslıqla qarşılanırdı. Günnüt əməliyyatı da həmin uğurlardan biri kimi yadda qaldı. Bu hadisə ordumuzun şəxsi heyəti üçün də mühüm motivasiya mənbəyi oldu. Çünki hər zaman ən böyük ruh yüksəkliyini real nəticə yaradır.

Aprel döyüşləri ilə varislik, regionda dəyişən vəziyyət

Günnüt əməliyyatından sonra bölgədə vəziyyət müəyyən mənada dəyişdi. Ordumuzun daha əlverişli mövqelərə sahib olması Ermənistan tərəfinin əvvəlki müşahidə imkanlarını zəiflətdi. Hərbi baxımdan belə dəyişikliklər uzunmüddətli təsir göstərə bilir. Bəzən bir yüksəklik illərlə davam edən üstünlük yaradır. Günnüt istiqamətində əldə olunan nəticələr də məhz belə qiymətləndirilirdi. Hərbi ekspertlər hesab edirdilər ki, bu əməliyyat gələcək hadisələr üçün də mühüm siqnal idi. Çünki Azərbaycan Ordusu ilk dəfə deyildi ki, belə təşəbbüs göstərirdi. 2016-cı ilin Aprel döyüşlərindən sonra Günnüt əməliyyatı ordunun artan imkanlarının növbəti göstəricisi kimi qəbul olunurdu. Ümumiyyətlə, bir çox hərbi müşahidəçi Günnüt əməliyyatını Aprel döyüşlərinin davamı kimi qiymətləndirir. Çünki hər iki hadisədə ortaq cəhətlər var. Ən vacib məqam Azərbaycan Ordusunun təşəbbüsü ələ alması idi. Həm Aprel döyüşləri, həm də Günnüt əməliyyatı ordumuzun artıq yeni mərhələyə qədəm qoyduğundan xəbər verirdi. Bu hadisələr ordumuzun döyüş hazırlığının yüksəldiyini ortaya qoyurdu. Eyni zamanda, cəmiyyət daxilində inam hissini artırırdı. İnsanlar görürdülər ki, illər ərzində aparılan ordu quruculuğu, hazırlıq işləri öz nəticəsini verməyə başlayıb.

Vətən müharibəsinə gedən yol

Tarixə nəzər saldıqda, görünür ki, Günnüt əməliyyatı sonrakı hadisələr üçün mühüm mərhələlərdən biri idi. 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz uğurlar əldə edərək torpaqlarımızı işğaldan azad etdi. Hesab edilir ki, Günnüt əməliyyatı Vətən müharibəsindən əvvəl ordumuzun imkanlarını yoxlayan vacib addımlardan biri idi. Burada həm taktiki hazırlıq, həm koordinasiya, həm də sürətli qərarvermə qabiliyyəti uğurla sınaqdan çıxmışdı. Vətən müharibəsi zamanı dağlıq ərazilərdə aparılan əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu bu sahədə ciddi təcrübə qazanıb. Günnüt əməliyyatı həmin təcrübənin formalaşmasında mühüm rol oynayan hadisələrdən biri sayılır.

Əməliyyatın əsas nəticələri

Əməliyyat nəticəsində ordumuz bir sıra vacib üstünlüklər əldə etdi. İlk növbədə, girişdə vurğuladığımız kimi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu yüksəkliklər müşahidə imkanlarını genişləndirdi və müdafiə xəttini daha əlverişli vəziyyətə gətirdi. İkinci mühüm nəticə təhlükəsizlik imkanlarının artması idi. Yeni mövqelər vasitəsilə bölgədə risklərə daha operativ reaksiya vermək mümkün oldu. Üçüncü vacib məqam psixoloji üstünlük idi. Əməliyyat göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxt vəziyyəti dəyişə biləcək potensiala malikdir. Bu uğur eyni zamanda ordunun peşəkar inkişafının nəticəsi idi. İllərlə aparılan hazırlıq, texniki yenilənmə və şəxsi heyətin təcrübəsi öz təsirini göstərirdi.

Günnüt əməliyyatı müasir hərb tariximizdə xüsusi yer tutan şərəfli hadisələrdəndir. Onu da bildirək ki, əməliyyat qısa müddətdə və minimal itki ilə nəticə vermişdi. Əməliyyat zamanı yalnız bir hərbi qulluqçu – Əlahiddə Ümumqoşun Ordunun əsgəri Adil Tatarov şəhidlik zirvəsinə ucalmışdı. Günnüt əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu sürətli qərar qəbul etmək, çətin relyef şəraitində fəaliyyət göstərmək və qısa müddətdə nəticə əldə etmək imkanına malikdir. Bu gün Günnüt əməliyyatı haqqında danışarkən yalnız bir hərbi əməliyyatdan söhbət getmir. Burada həm hazırlıq, həm iradə, həm də düzgün planlaşdırmanın nəticəsi görünür. Azərbaycan Ordusu həmin əməliyyatla sübut etdi ki, strateji baxımdan vacib addımlar atmağa və vəziyyəti dəyişməyə qadirdir. Günnüt əməliyyatı regionda dəyişən hərbi balansın, artan peşəkarlığın və ordumuzun güclənən imkanlarının simvollarından biri kimi tarixdə qalır.

XQ-nin Analitik Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr