“Düşünürəm ki, mənzil problemlərinin həlli istiqamətində daha davamlı və inklüziv yanaşmalar tətbiq etməliyik”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Cənubi Afrika Respublikasında şəhərsalma üzrə ixtisaslaşmış mütəxəssis Sara Matasa Maşabela deyib.
Ekspert bildirib ki, mənzil məsələsi təkcə Azərbaycanda deyil, Cənubi Afrikada da ciddi problemlərdən biridir:
“Xüsusilə, qeyri-rəsmi yaşayış məntəqələrinin çoxluğu və insanların keyfiyyətli, əlçatan mənzillə təmin olunması istiqamətində görüləsi çox iş var. Hesab edirəm ki, hökumətlər olaraq insanların həm münasib qiymətli, həm də keyfiyyətli yaşayışla təmin edilməsi üçün daha sistemli və məqsədyönlü çalışmalıyıq. Bəzən mənzil tikintisində əsas diqqət kütləvi istehsala yönəlir, lakin keyfiyyət məsələsi arxa planda qalır. Mən isə mənzil sahəsinə ürəkdən bağlı bir mütəxəssis kimi düşünürəm ki, davamlılıq və keyfiyyət hər zaman yanaşı getməlidir. Layihələrin icrası bir qədər uzun çəksə belə, onlar düzgün planlaşdırılmalı, uzunmüddətli və insanların həyatına real dəyər qatan şəkildə həyata keçirilməlidir. Şənbə günü Cənubi Afrikadan Azərbaycana gəldim və burada müxtəlif ölkələrin mənzil sahəsində qarşılaşdığı ortaq problemləri görəcəyimi düşünürdüm. Lakin şəhərsalma mütəxəssisi kimi gələcəyə baxdıqda, eyni zamanda böyük əməkdaşlıq imkanları da görürəm”.
Onun fikrincə, tikinti və şəhərsalma sahəsində çalışan mütəxəssislər təcrübələrini bölüşməli, bir-birini tamamlamalı və birgə həll yolları formalaşdırmalıdırlar:
“Mənzil məsələsi heç vaxt təkbaşına düşünülməməlidir. O, iqtisadi fəaliyyət, nəqliyyat infrastrukturu və ətraf mühit məsələləri ilə sıx bağlıdır. Bu gün dünya ciddi ekoloji çağırışlarla üz-üzədir və bu, dayanıqlı şəhərsalmanın əhəmiyyətini daha da artırır. Azərbaycanda məni ən çox təsirləndirən məqamlardan biri şəhər mərkəzində gördüyüm sıx urbanizasiya, şəhərin təmizliyi və yaşayış binalarının keyfiyyəti oldu. Bunlar mənim üçün çox dəyərli təcrübədir və ölkəmə qayıtdıqdan sonra bu konfransda iştirak edə bilməyən insanlarla da bölüşəcəyəm. Təmiz və yaxşı idarə olunan şəhər ölkənin investisiyalara açıq və inkişaf etməyə hazır olduğunu göstərir. Bu, burada xüsusilə diqqətimi çəkən məqamlardan biri oldu. Azərbaycana dayanıqlı inkişaf yolunda uğurlar arzulayıram. Mövcud imkanlar və resurslarla, xüsusilə də əhalinin sayının nisbətən məhdud olması fonunda ölkənin gələcəyi daha davamlı və planlı şəkildə qurmaq üçün böyük potensialı var”.
Nigar Həsənli
Musavat.com