AZ

Bu il hansı deputat qurban kəsəcək? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qurban bayramına sayılı günlər qaldıqca, cəmiyyətdə bayram hazırlıqları və ənənəvi ibadətlərlə bağlı müzakirələr də intensivləşir. İslam aləmində xüsusi önəm daşıyan bu bayram həm yardımlaşma, həm də paylaşma ruhunu özündə birləşdirir. Hər il olduğu kimi, bu il də müxtəlif vəzifəli şəxslərin, o cümlədən millət vəkillərinin qurban kəsib-kəsməyəcəyi ictimai maraq doğuran məsələlərdən biridir. Xüsusilə deputatların qurban ibadətini necə yerinə yetirməsi, kəsilən qurbanların ehtiyac sahiblərinə paylanıb-paylanmaması və bayram ənənələrinə münasibətləri diqqət mərkəzindədir. Maraqlıdır, görəsən, bu il deputatlar Qurban bayramını necə qeyd edəcək?Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir ildə olduğu kimi, müsəlmanların borcudur ki, imkanı varsa qurban kəssinlər:“Əlbəttə, biz də bu ibadəti yerinə yetirəcəyik. Qurban bayramı təkcə dini mərasim deyil, eyni zamanda insanlar arasında həmrəylik, paylaşmaq və yardımlaşma bayramıdır. Xüsusilə ehtiyac sahibi ailələrin yad olunması, onlara qurban payının çatdırılması bu bayramın əsas mahiyyətini təşkil edir. Çalışırıq ki, bayram günlərində daha çox ailəyə dəstək olaq və onların sevincinə şərik olaq. İnanırıq ki, bu cür dəyərlərin yaşadılması cəmiyyətdə birlik və mərhəmət hissini daha da gücləndirir”.Deputat Vüqar İsgəndərov deyib ki, seçildiyim vaxtdan bu günə qədər hər il Qurban bayramında Şəki şəhərində qurban kəsərək insanlara paylamışıq:“Əsas diqqəti maddi vəziyyəti aşağı olan ailələrə və sosial kateqoriyaya aid insanlara yönəldirik. Bu aksiyanı adətən iki gün ərzində həyata keçiririk. Həmin günlərdə insanlarla görüşür, onların bayramını təbrik edir və birlikdə bu bayramın sevincini yaşayırıq. Artıq bu, bizim üçün ənənəvi xarakter alıb. Hər il olduğu kimi, bu il də qurban kəsərək paylanmasını təşkil etməyi planlaşdırırıq və düşünürəm ki, bu işi yenə də yüksək səviyyədə həyata keçirəcəyik”.Millət vəkili Zahid Orucun sözlərinə görə, müsəlman aləmində, İslam dünyasında min illərdir qeyd olunan Qurban bayramı Azərbaycan xalqının həyatında da müstəsna yer tutur:“Müstəqillik qazandıqdan sonra bu bayram dövlət səviyyəsində rəsmiləşdirilib və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd olunur. Qurban bayramı yardımlaşmaya, humanizmə, bərabərliyə, insanlar arasında doğmalığın və paylaşma hissinin güclənməsinə xidmət edən müqəddəs bayramlardan biridir. Bu bayram insanlara kasıbın, ehtiyac sahibinin halını duymağı, əlindəkini bölüşməyi və mənəvi zənginliyin maddi imkanlardan daha üstün olduğunu xatırladır. İldən-ilə müşahidə olunan mənzərə də onu göstərir ki, Qurban bayramı cəmiyyətimizdə daha geniş miqyasda qeyd olunur. Burada artıq titulun, statusun və ya vəzifənin fərqi yoxdur. İnsanlar vahid bir dəyər ətrafında birləşir, eyni duyğunu paylaşırlar. Qarabağ zəfərindən sonra isə bu bayramın mənəvi yükü və təntənəsi daha da artıb. İnsanlarımız illərlə etdikləri duaların qəbul olunduğunu görərək artıq doğma torpaqlarında Qurban bayramını qeyd etmək imkanı qazanıblar. Bu isə həqiqətən də müstəsna hadisədir”.O qeyd edib ki, qurban ibadətinin əsas mahiyyəti ilahi yolda paylaşmaq, xeyirxahlıq etmək və insanlara faydalı olmaqdır:“İnsanlar bu ibadəti öz arzuları, ailələri, övladları və niyyətləri ilə həyata keçirsələr də, əsas məram Allah yolunda birlik və mərhəmət hissini yaşatmaqdır. Mən də ötən illər ərzində bir insan olaraq hər il qurban kəsməyə çalışmışam. Bayram günlərində bunu yaxın insanlarla birlikdə həyata keçirmişik və dini qaydalara uyğun şəkildə təşkil etmişik. Təbii ki, həmin qurban paylarını ehtiyac sahibi ailələrə, tanıdığımız insanlara çatdırmağa çalışmışıq. Çünki hər birimizin ətrafında, yaşadığımız məhəllədə, münasibətdə olduğumuz insanlar arasında yardıma ehtiyacı olan vətəndaşlar var. Biz də bunu xüsusi şəkildə nümayiş etdirmədən, daha çox bayramın mənəvi mahiyyətinə uyğun formada həyata keçirməyə üstünlük vermişik. Dövlət qurumları və təşkilatlar səviyyəsində keçirilən tədbirlərdə isə təbii olaraq media nümayəndələri də iştirak edir. Bu da həm bayram ənənələrinin təbliği, həm də daha çox insanın xeyriyyəçilik və paylaşma aksiyalarına qoşulması baxımından vacibdir. Əlbəttə, bu il də qurban kəsəcəyik və həmişə olduğu kimi onu insanlarla paylaşmağa çalışacağıq. Planımız bundan ibarətdir. Bir daha xalqımızın, dövlətimizin və Ali Baş Komandanımızın Qurban bayramını təbrik edir, hər kəsə cansağlığı və firavanlıq arzulayıram”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
demokrat.az

1Mənbələr