AZ

7 illik prezidentliyinin dörd ilində ancaq vuruşdu...

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin inaqurasiyasından 7 il ötür.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 2019-cu ildə keçirilən prezident seçkilərində əsas rəqibi, ovaxtkı dövlət başçısı Viktor Poroşenkoya böyük səs üstünlüyü ilə qalib gələn Zelenski siyasi karyerasına qədər daha çox aktyor-şoumen və prodüser kimi tanınırdı.
 

Prezidentliyinin ilk illərində Zelenski korrupsiyaya qarşı mübarizə, dövlət idarəçiliyində islahatlar və Donbas bölgəsindəki münaqişənin həlli istiqamətində addımlar atacağını bəyan etmişdi. Onun hakimiyyətə gəlişi Ukrayna siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmişdi.


2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi isə Zelenskinin siyasi fəaliyyətində əsas dönüş nöqtəsinə çevrildi. Artıq 4 il 3 aydır davam edən hərbi əməliyyatlar dövründə o, Ukraynada qalaraq “Mənə təxliyə yox, sursat lazımdır” mesajı verməklə həm ölkə daxilində, həm də beynəlxalq arenada müqavimətin simvoluna çevrildi.

Sonrakı illərdə Ukrayna həm cəbhədə, həm diplomatik masada mübarizəni davam etdirdi. Avropa İttifaqına namizəd statusunun alınması, NATO ilə yaxınlaşma və milyardlarla dollarlıq beynəlxalq yardım Zelenskinin diplomatik uğurlarından oldu.

Eyni zamanda, ABŞ Prezidenti Donald Trampla münasibətlər, xüsusilə 2025-ci ilin fevralında Ağ Evdə baş tutmuş qalmaqallı görüş, onun siyasi fəaliyyətində diqqətçəkən hadisələrdən biri kimi yadda qaldı.
 

Son illər ərzində Zelenski dünyanın müxtəlif ölkələrinə rəsmi səfərlər edib, beynəlxalq təşkilatlarda çıxışlar edərək Ukraynaya dəstək çağırışlarını davam etdirib. Bununla yanaşı, ölkə daxilində iqtisadi çətinliklər, enerji infrastrukturu ilə bağlı problemlər, müharibənin yaratdığı sosial təsirlər və prezidentin yaxın ətrafı ilə bağlı qalmaqallar gündəmdə qalıb.


Hakimiyyətə gələrkən yalnız bir müddətlik prezident olacağını vəd edən Zelenski, ölkənin müharibə şəraitində olması səbəbindən artıq 7 ildir ki, dövlət başçısı olaraq fəaliyyət göstərir.

Ölkədə növbəti prezident seçkilərinin nə vaxt keçiriləcəyi və Zelenskinin yenidən namizəd olub-olmayacağı hələ məlum deyil, amma arxada qalan 7 il Ukrayna tarixinin ən mürəkkəb və həlledici dövrlərindən biri kimi yadda qalacaq. Onun siyasi fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq arenada uzun müddət müzakirə olunmağa davam edəcək.

Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr