AZ

"İctimai etimad olmadan problemlər həll edilə bilməz" -

Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində “Mənzil və dayanıqlı şəhərlər üçün ictimai kommunikasiya” mövzusunda panel müzakirəsi baş tutub.Mətbuat.az xəbər verir ki, paneldə çıxış edən ADA Universitetinin Kommunikasiya və Media Araşdırmaları üzrə müəllimi Şəfəq Mehrəliyeva bildirib ki, şəhərlərin inkişafında insan amili, ictimai iştirakçılıq və etimad həlledici rol oynayır. Şəfəq Mehrəliyeva deyib ki, şəhərlər yalnız binalar, yollar və inzibati sənədlərlə formalaşmır:“Şəhərlər ilk növbədə insanlardan və icmalardan ibarətdir. İcmalar isə etimad, mədəniyyət, tolerantlıq və innovasiya üzərində qurulur. Şəhərlər yalnız o zaman həqiqətən inkişaf edir ki, insanlar özlərini passiv sakin kimi deyil, yaşadıqları mühitin formalaşmasında fəal iştirakçı kimi hiss etsinlər”.O qeyd edib ki, urbanizasiya prosesinin sürətlənməsi ilə şəhərlərin qarşısında yeni çağırışlar yaranır. İnsanlar daha yaxşı həyat keyfiyyəti, iş, təhsil və sosial imkanlar üçün şəhərlərə üz tutsa da, bu artım bərabərsizlik, mənzil çatışmazlığı, ekoloji problemlər və artan sosial gözləntilər kimi məsələləri də daha görünən edir.Ş. Mehrəliyevanın sözlərinə görə, ictimai etimad olmadan bu problemlərin effektiv həlli mümkün deyil:“Hökumətlər və institutlar nə qədər güclü olsa da, ictimai iştirak və kommunikasiya olmadan dayanıqlı inkişaf çətinləşir. İnsanlar yalnız o zaman prosesə töhfə verirlər ki, onların səsinin eşidildiyini və fikirlərinin önəm daşıdığını hiss etsinlər”.Paneldə həmçinin vurğulanıb ki, ev anlayışı yalnız yaşayış məkanı ilə məhdudlaşmır:“Ev təhlükəsizlik, rahatlıq və aidiyyət hissidir. Əgər insanların yaşadığı məkan dəyişdirilirsə, onlar bu prosesin bir hissəsinə çevrilməlidirlər. Kommunikasiya isə məhz bu etimadı yaradan əsas məsələdir".

Gülbəniz Hüseynli /Mətbuat.az

Seçilən
28
metbuat.az

1Mənbələr