Mənzil böhranının həlli üçün dövlət və özəl sektor əməkdaşlığı artıq kifayət etmir.
APA xəbər verir ki, bunu İtaliya Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının Prezidenti Antonio Campanyoli WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyəsinin Riskdən Azad Edilməsi: Kifayət qədər Mənzilin Geniş Miqyasda Təmini üçün Özəl Kapitalın Səfərbər Edilməsi” adlı konfransda deyib.
O bildirib ki, qlobal mənzil böhranının həlli üçün ənənəvi dövlət-özəl tərəfdaşlığı modeli artıq yetərli deyil və yeni yanaşmalara ehtiyac var. Onun sözlərinə görə, uzunmüddətli kapitalın mənzil sektoruna cəlb olunması üçün etimad, sabit idarəetmə və icmaların prosesə aktiv qoşulması əsas şərtlərdir.
“Bu gün mənzil maliyyəsi və dayanıqlı icmalar sahəsində əsas problemlərdən biri müxtəlif tərəflər arasında koordinasiya çatışmazlığıdır. Risklər yalnız maliyyə xarakterli deyil, eyni zamanda parçalanma, zəif idarəetmə, etimadsızlıq və institusional qeyri-sabitliklə də bağlıdır”,- Campanyoli bildirib.
O,“5P modeli” adlı yeni yanaşmanı təqdim edib və bu modelin ənənəvi dövlət-özəl sektor tərəfdaşlığına əlavə olaraq “insanlar” və “siyasət” komponentlərini də əhatə etdiyini deyib.
Campanyolinin fikrincə, şəhərlərin dayanıqlı inkişafı üçün dövlət, özəl sektor, insanlar, siyasət və tərəfdaşlıq arasında əlaqəli sistem qurulmalıdır:
“Vətəndaşların və yerli icmaların iştirakı layihələrin legitimliyini artırır, sosial gərginliyi azaldır və uzunmüddətli sabitliyi gücləndirir. yaxın gələcəkdə yalnız dövlət vəsaitləri mənzil böhranını həll etmək üçün kifayət etməyəcək. Eyni zamanda, ictimai maraqlardan uzaq özəl kapital da problemi təkbaşına həll edə bilməz.
Gələcəyin şəhər inkişaf modeli texnologiya və maliyyədən daha çox insanlar, bazarlar və institutlar arasındakı münasibətlərin keyfiyyəti ilə müəyyən ediləcək”.