Tarixi şəhərlər bizim yaşayan yaddaşımızdır və şəhərlərin yenilənməsi zamanı bu tarixi ruh mütləq şəkildə qorunmalıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Meksikanın Mexiko şəhərinin Mənzil naziri İnti Munoz Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər yenilənməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, turizm məqsədli mədəni layihələrə məhdudiyyət qoymaq düzgün deyil, lakin şəhər elə qurulmalıdır ki, tarixi məhəllələr dayanıqlı şəkildə qorunsun:
"Şəhərin mübadilə dəyərini anlamaq vacibdir. İnsanlar harada və necə yaşayır, şəhəri necə qorumaq olar, xüsusilə tarixi şəhərləri necə mühafizə etmək mümkündür - bu suallara cavab axtarılarkən yerli icmalar mütləq nəzərə alınmalıdır. Şəhərsalma proseslərində ictimai razılığın əldə olunması əsas şərtlərdən biridir.
Şəhər regenerasiyası elə aparılmalıdır ki, həm sosial, həm mədəni, həm də iqtisadi baxımdan balans qorunsun. Bu yanaşma istənilməyən sosial nəticələrin qarşısını alır və eyni zamanda iqtisadi dayanıqlığa da mühüm töhfə verir".
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.