AZ

WUF13-də “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası” adlı forum keçirilib - FOTO

WUF13 çərçivəsində "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası" adlı forum keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, forumda çıxış edən İsgəndəriyyə Kitabxanasının təsisçisi, Dünya Bankının keçmiş vitse-prezidenti, mədəniyyət üzrə ekspert İsmail Serageldin bildirib ki, inkişaf etməkdə olan şəhərlərdə tarixi məkanların qorunması zamanı "nəyi, necə, kimin üçün saxlayırıq və nəyi konservasiya edirik" suallarına cavab verilməlidir. Onun sözlərinə görə, qoruma prosesi təkcə binaları deyil, şəhərin ümumi xarakterini də əhatə etməli və bu zaman sosial, iqtisadi, ekoloji və fiziki amillər nəzərə alınmalıdır. Eyni zamanda yerli icmaların iştirakı təmin olunmalı, investisiyalar cəlb edilməli və insanların köçürülməsi minimuma endirilməlidir.

Mərakeş Krallığının Mənzil Məsələləri üzrə Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirinin Dövlət Katibi Ədib Benbrahim isə şəhərin regenerasiysında identikliyin qorunmalı olduğunu bildirib. O vurğulayıb ki, bina sökülüb yenidən tikilirsə, bu proses də diqqətlə planlaşdırılmalı, tarixi və sosial dəyər mütləq nəzərə alınmalıdır.

Meksikanın Mexiko şəhərinin Mənzil naziri İnti Munoz isə deyib ki, şəhər regenerasiyası sosial, mədəni və iqtisadi balansı qoruyacaq şəkildə həyata keçirilməlidir. Onun fikrincə, bu yanaşma mümkün mənfi sosial nəticələrin qarşısını alır. Eyni zamanda şəhərin iqtisadi dayanıqlığını gücləndirir.

İspaniya Krallığının Kataloniya Hökumətinin Ərazi Planlaşdırması, Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elisabet Çiriçi isə çıxışında bildirib ki, fiziki yenilənmə ilə məhdudlaşmamalı, həm də sosial ədalət və inklüzivlik prinsiplərinə əsaslanmalıdır. O qeyd edib ki, bu prosəsdə sosial məsələlər də mütləq öz həllini tapmalıdır: "Xüsusilə mənzil təminatı, məşğulluq, ictimai xidmətlərə çıxış və həssas qrupların müdafiəsi kimi sahələr diqqət mərkəzində olmalıdır".

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax isə mədəni irsin qorunması yalnız keçmişin saxlanılması deyil, həm də gələcək şəhərlərin kimliyinin formalaşması demək olduğunu bildirib: "Mədəni inkişaf bu komponent olmadan mümkün deyil, eyni zamanda dayanıqlı inkişaf da mədəni irsin qorunması olmadan tam şəkildə həyata keçirilə bilməz".

Azərbaycan Mədəniyyət Nazirliyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva isə İçərişəhər təcrübəsindən danışıb. Onun sözlərinə görə, reginarasiyadan danışanda söhbət tək binadan yox, ümumi strukturun qorunmasından getməlidir: "Məsələn, İçərişəhərdə bu gün də insanlar yaşayır. Oranın qorunmasında böyük zəhmət çəkilib. Ora tək turistik zona kimi baxmırıq. Ora həm də özündə tarixi əks etdirir".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
Seçilən
32
day.az

1Mənbələr