AZ

Bakıda gələcəyin şəhərləri təqdim olunur-“Urban Expo”dan REPORTAJ, FOTOLAR  

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisi davam edir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, sərgi məkanında müxtəlif ölkələrin pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, özəl sektor təmsilçiləri və qeyri-hökumət təşkilatları üçün xüsusi stendlər yaradılıb. Ümumilikdə burada 121 pavilyondan 41-i ölkə pavilyonlarıdır.
3,5 hektar sahəni əhatə edən “Urban Expo” 66 ölkədən 217-dən artıq təşkilatı bir araya gətirir. Platforma hökumət nümayəndələri, vətəndaş cəmiyyəti institutları, akademik çevrələr, beynəlxalq təşkilatlar və biznes sektorunun nümayəndələri üçün fikir mübadiləsi aparmaq, yeni təşəbbüslər təqdim etmək və əməkdaşlıq imkanlarını genişləndirmək baxımından mühüm rol oynayır. Tədbirin əsas müzakirə mövzusu isə WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” konsepsiyasıdır.

“Urban Expo” qlobal mənzil böhranına dair praktik həll yollarını nümayiş etdirən interaktiv sərgi formatı ilə seçilir. Burada mənzil təminatı, iqlim dəyişikliklərinə davamlılıq, rəqəmsal yeniliklər, əlçatanlıq və inklüziv şəhərsalma istiqamətlərində müxtəlif layihələr təqdim olunur. Sərgidə iri dövlət pavilyonları ilə yanaşı, icma əsaslı təşəbbüslər və innovativ startap layihələri də nümayiş etdirilir.

Sərgi çərçivəsində fəaliyyət göstərən “Biznes və İnnovasiyalar Mərkəzi” platformasında isə 45 şirkət və 14 startap layihəsi təmsil olunur.

“Urban Expo”nun diqqət çəkən əsas məkanlarından biri də 2,5 hektar ərazini əhatə edən açıq hava zonası – WUF13 Bulvarıdır. Bu məkan iştirakçıların şəbəkələşməsi, qeyri-rəsmi görüşlər keçirməsi və qarşılıqlı ünsiyyət qurması üçün nəzərdə tutulub. Burada qonaqlar “Şəhər Kitabxanası”, “Şəhər Kinoteatrı” və “WUF Akademiyası” kimi müxtəlif sərgi və proqram sahələri ilə tanış ola bilirlər.

Musavat.com-un əməkdaşı “Urban Expo” dan maraqlı kadrlar çəkib. Həmin görüntüləri təqdim edirik:

Nigar Həsənli,
Fotolar müəllifindir,
Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr