AZ

Rektor: Azərbaycanda innovasiya və əqli mülkiyyət sahəsində görülən işlər şəhər inkişafına töhfə verir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanda innovasiya və elmi-tədqiqat fəaliyyəti şəhər inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr, xüsusilə Zəngilan rayonunda yaradılan “ağıllı kənd” modeli müasir və dayanıqlı şəhərsalmanın uğurlu nümunəsi kimi çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu fikri WUF13 çərçivəsində təşkil olunmuş “Şəhər inkişafı və texnologiyalar: Ağıllı şəhərlər və əqli mülkiyyət” mövzusunda tədbirdə məruzəçi kimi çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova söyləyib.

Rektor bildirib ki, ölkənin inkişaf strategiyasına uyğun olaraq, innovasiyaların təşviqi və elmi tədqiqatların genişləndirilməsi istiqamətində AzMİU-da mühüm işlər görülür. Universitetdə müasir tələblərə cavab verən ixtisaslaşmış laboratoriyalar yaradılıb. Bu laboratoriyalarda ağıllı ev sistemləri, enerji səmərəliliyi, bərpaolunan enerji texnologiyaları və suyun müasir təmizlənməsi üsulları üzrə tədqiqatlar aparılır. Son illərdə bu sahələr üzrə bir sıra patentlərin, o cümlədən beynəlxalq patentlərin əldə olunduğu diqqətə çatdırılıb.

Rektor çıxışında vurğulayıb ki, innovasiyaların sürətli inkişafını nəzərə alaraq, universitet Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 2023-cü ildə ölkədə ilk dəfə olaraq ali təhsil müəssisəsində Əqli Mülkiyyət kafedrası yaradılıb. Qısa müddət ərzində bu sahə üzrə müxtəlif tədris proqramları hazırlanaraq tətbiq edilməyə başlanıb.

Rektor çıxışının sonunda bu istiqamətdə görülən işlərin davam etdiriləcəyini və innovasiya ilə əqli mülkiyyətin inteqrasiyasının şəhər inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Müxbirlər – Elgün Niftəli, Tərgül Babayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
azertag.az

1Mənbələr