Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) aprel ayına dair açıqladığı məlumatlara görə, tikinti sektorunda xərclərin artımı sürətlənib.
Moderator.az xəbər verir ki, 2026-cı ilin aprelində tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə təxminən 6.8% yüksəlib və indeks 106.8 bəndə çatıb. Bahalaşma daha çox metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.
Hesabatda qeyd olunur ki, tikinti materialları üzrə alt indeks 107.5, əmək xərcləri 105.4, maşın-mexanizm üzrə isə 103.8 səviyyəsində olub. Ən kəskin qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən sabit göstəricilər isə texnika və mexanizm sahəsində qeydə alınıb.
Xüsusilə armatur, beton, laminat, parket, plastik pəncərə və digər metal əsaslı materiallarda bahalaşma davam edir. Buna əsas səbəb kimi idxal və logistika xərclərinin artması, həmçinin tikinti sektorunda tələbin yüksək qalması göstərilir.
Əmək bazarında da qiymət artımı müşahidə olunur. Fasad, kafel-metlax, suvaq və digər ustalıq işlərində xidmət haqları yüksəlib. Maşın və texnika üzrə isə artım nisbətən zəif olub.
Ümumilikdə, AQP bildirir ki, tikinti xərclərinin artması yeni tikililərin maya dəyərini yüksəldir və bu prosesin yaxın dövrlərdə daşınmaz əmlak bazarına da təsir etməsi gözlənilir. /milli.az/