AZ

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

Təbii fəlakətlərin təsirlərinin qiymətləndirilməsi və risklərin effektiv idarə olunması üçün açıq, etibarlı və müqayisə edilə bilən məlumat bazalarının formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin (EC-JRC) Fəlakət Risklərinin İdarə Olunması Bölməsinin rəhbəri Tom de Qruv Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı-şəhərləri daha yaxşı məlumatlarla gücləndirmək - siyasət və qərar qəbulu üçün əlçatan və tətbiq edilə bilən məlumatlar” adlı sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən araşdırmaların əsas məqsədi Avropa Komissiyasının siyasətlərinə elmi əsaslarla dəstək verməkdir.

“Bu fəaliyyət erkən xəbərdarlıq sistemləri, fəlakət risklərinin idarə olunması və şəhərlərin dayanıqlılığının artırılması istiqamətlərini əhatə edir. İllər əvvəl dünyanın müxtəlif regionlarında baş verən fəlakətləri düzgün qiymətləndirmək üçün əhali və yaşayış məskənləri barədə detallı məlumatların çatışmazlığı əsas problemlərdən biri idi. Bu məqsədlə hazırlanmış “Global Human Settlement Layer” adlı qlobal məlumat bazası yaşayış məntəqələri və əhali göstəricilərinin vahid metodologiya əsasında təhlilinə imkan yaradıb. Yer müşahidəsi məlumatlarının əhali siyahıyaalınması göstəriciləri ilə birləşdirilməsi şəhərlərin strukturu, risk səviyyəsi və urbanizasiya prosesləri barədə daha dəqiq məlumat əldə etməyə şərait yaradır. Bu məlumatlar həm qlobal hesabatların hazırlanmasında, həm də yerli səviyyədə risklərin qiymətləndirilməsində geniş istifadə olunur. Məlumatların açıq metodologiya əsasında hazırlanması və şəffaf şəkildə təqdim olunması onların etibarlılığını artırır. Eyni zamanda, məlumat ekosisteminin inkişafı üçün müxtəlif platformalar, təlim proqramları və istifadəçilərlə əməkdaşlıq mexanizmləri mühüm rol oynayır”, - deyə bölmə rəhbəri bildirib.

Tom de Qruv əlavə edib ki, xüsusilə qeyri-formal yaşayış məskənlərinin monitorinqi sahəsində hələ də müəyyən boşluqlar mövcuddur və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.

Seçilən
21
2
azerbaijan-news.az

3Mənbələr