AZ

Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti: Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini fəal şəkildə həyata keçirir VİDEO

Bakı, 20 may, AZƏRTAC

Böyük Britaniyanın Kral Şəhərsalma İnstitutunun (RIT) vitse-prezidenti və şəhərsalma üzrə professor Samer Baqaen AZƏRTAC-a bildirib ki, WUF13 dayanıqlı şəhərlərin gələcəyini formalaşdırmaq üçün vacib platformadır.

O qeyd edib ki, forum müxtəlif təşkilatları, ictimaiyyət nümayəndələrini, hökumət rəsmilərini, nazirləri və müxtəlif səviyyələrdə mütəxəssisləri bir araya gətirir. “Ən vacib aspektlərdən biri açıq dialoq və fikir mübadiləsi üçün Bakıda ortaq məkanın yaradılmasıdır. Bu, şəhərlərin gələcəyi üçün böyük əhəmiyyətə malikdir”, - deyə professor vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan hazırda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini fəal şəkildə həyata keçirir. O əlavə edib: “Hesab edirəm ki, bu təcrübə bütün dünya, xüsusən də inkişaf etməkdə olan şəhərlər üçün böyük əhəmiyyətə malikdir. “Ağıllı şəhərlər” həm bu günün, həm də gələcəyin əsas problemlərindən biridir və Azərbaycanın bu sahədəki təcrübəsi çox faydalı ola bilər. Bu təcrübələrin WUF13-də təqdim edilməsi digər şəhərlər üçün geniş imkanlar açır”.

İnstitutun vitse-prezidenti əlavə edib ki, rəqəmsallaşma, urbanizasiya və təbii fəlakətlər bu gün sürətlə böyüyən şəhərlərin üzləşdiyi əsas çətinliklər arasındadır. Əhalisi 20 milyondan çox olan meqapolislər, eləcə də kiçik şəhərlər bu problemlərə üzləşir.

“Buna görə də şəhərlərin dayanıqlığını və davamlı inkişaf potensialını gücləndirmək çox vacibdir. WUF13 təcrübə mübadiləsi, həll yollarının müzakirəsi və şəhərlər arasında qarşılıqlı öyrənmənin təşviqi baxımından vacib platformadır”, - deyə ekspert qeyd edib.

Müxbir – Tamilla Məmmədova

Seçilən
12
1
azertag.az

2Mənbələr