AZ

Ümumdünya Şəhərsalma Forumu zəruri müzakirə platformasıdır

"Kifayət qədər geniş əhatəli və peşəkar səviyyədə keçirilən Ümumdünya Şəhərsalma Forumuna (WUF13) təbiətin şıltaqlığı əngəl ola bilməzdi. Strateji hədəfləri olan bu toplantıdakı çıxışları izləməyə çalışdım. Təbii olaraq, burada Azərbaycan öz zəngin memarlıq ənənələrini və müasir şəhərsalma sahəsində qazandığı modern təcrübəni təqdim edib. Digər tərəfdən, dünyanın bir çox ölkələrindən gələn iştirakçılar, eləcə də BMT-nin müxtəlif strukturlarının təmsilçiləri şəhərsalma və bu sahədə mövcud problemlərlə bağlı fikirlərini bölüşüblər".

Bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib.

Əkrəm Bəydəmirli bildirib ki, iqlim dəyişikliyi və müharibələr şəhərlərin və yaşayış məkanlarının məhvinə səbəb olur: "Hazırda kəskin iqlim dəyişikliyi, müharibələr və digər səbəblər nəticəsində insanların yaşayışı üçün ən vacib məkanlar — evlər və şəhərlər dağıdılır. Xüsusilə yoxsul ölkələrdə və təbii fəlakətlərə daha çox məruz qalan bölgələrdə bu problemlər daha qabarıq şəkildə özünü göstərir. Qənaətimcə, WUF13 Bakı Forumu bu sahədə çox əhəmiyyətli müzakirə məkanına çevrildi".

Sədr vurğulayıb ki, təbii fəlakətlər və iqlim dəyişiklikləri ilə bağlı risklər bütün ölkələr üçün aktualdır: "Təbii ki, heç bir ölkə, o cümlədən Azərbaycan da təbii fəlakətlərdən və iqlim dəyişikliyinin yarada biləcəyi problemlərdən sığortalanmayıb. Lakin ekspertlərin təklifləri və aparılan zəruri müzakirələr, şübhəsiz ki, müasir şəhərsalma prosesində mövcud çətinliklərin həlli yollarının tapılması üçün mühüm baza rolunu oynaya bilər".

Ə.Bəydəmirlinin sözlərinə görə, urbanizasiya prosesinə nəzarət və regionların inkişafı prioritet məsələ olmalıdır: "Toplantıda belə bir fikir də səslənirdi ki, gələcəkdə daha çox insan şəhərlərə üz tutacaq. Ola bilsin ki, bu proses xüsusilə Afrikanın yoxsul ölkələrində daha qabarıq hiss olunsun. Amma Azərbaycanda regionların sosial-iqtisadi inkişafı düzgün tənzimlənsə, regional iqtisadiyyat güclənsə, paytaxta üz tutanların sayı da artmaz. Buna görə urbanizasiya məsələsi daim diqqətdə saxlanılmalı, regionların inkişafı isə əsas hədəflərdən biri olmalıdır. Çünki iş yeri və normal yaşayış şəraiti olan insan səfalı təbiətdən uzaqlaşıb paytaxta daimi yaşamaq üçün gəlməz. Kompleks yanaşma tələb edən bu məsələlər barədə geniş danışmaq istəmirəm".

Əkrəm Bəydəmirli qeyd edib ki, şəhərsalma sahəsində problemlərin təhlili və ictimai nəzarət vacibdir: "Nəhayət, bu gün bizi düşündürən əsas məsələlərdən biri də Azərbaycanın şəhərsalma sahəsində mövcud problemlərin dərindən təhlil olunması, bu istiqamətdə mühüm addımların atılması və proses üzərində ictimai nəzarətin təşkil edilməsidir".

Fatimə Nəbiyeva

Seçilən
24
qht.az

1Mənbələr