AZ

Əlincə qalasından yüksələn “Turan marşı”... Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların “Turan marşı” klipinin təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət və sənət nümayəndələrinin, türk dilli ölkələrin Azərbaycandakı səfirlərinin xanımları, media mənsublarının iştirak etdiyi tədbirdə aparıcılığı da elə Gülyanaq Məmmədova özü edib. 

O, ekran işinin milli birliyi, qəhrəmanlıq ruhunu və ortaq tarixi dəyərləri tərənnüm etdiyini vurğulayıb. Xalq artisti Gülyanaq Məmmədova bildirib ki, klipin çəklişləri Naxçıvanda, Əlincə qalasında baş tutub: “Turan... bizim hamımızın arzusudur ki, birliyimiz daimi olsun. Necə ki, biz bayrağımızı Qarabağda asdıq. Turanda bayrağımız hər zaman dalğalansın. Bu gün biz çox sevincliyik ki, bu layihəni tamamlayıb təqdim edə bilirik. Biz bu gün bir yox, iki klip təqdim edəcəyik. “Turan marşı” ilə yanaşı “Ailə səadəti” klipimizin də təqdimatını edəcəyik. Bu da milli mənəvi dəyərlərimizin qorunması, ailə dəyərlərinin, ailə bütövlüyünün şüarı olaraq öz ailəmiz birgəliyi ilə ikinci klipi də sizə təqdim eləyəcəyik”.

Xalq artisti Gülyaz Məmmədova əlavə edib ki, çəkilişlər əsasən qalanın ən yüksək nöqtəsində təxminən 2000 m hündürlükdə sıldırım qayalarda, dağlarda, Şəhidlər zirvəsində olub: “Dedilər ki, 2000 pillə çıxmalısınız. Mat qalmışdım o pillələri görəndə. O söz var, “ahəstə-ahəstə” oxumaq, elə pillələri də ahəstə-ahəstə süzüb çıxdıq. Mən hamıdan birinci çıxdım. O qədər yüksəkliyə samovar da çıxardılar və biz qalanın başında samovar çayı da içmişik. Çəkilişlərimiz aprel ayının 25-də baş tutdu. Bütün çətinliklərə baxmayaraq, artıq biz təqdimatını edirik”.

Layihə haqqında danışan Səidə İbrahimli bildirib ki, klip mədəni irsin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır: “Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə tarixi, memarlıq və mədəniyyət abidələrinin təbliği istiqamətində bir sıra layihələr həyata keçirilir. İlk dəfə Naxçıvanda Əlincə qalada çəkilən klip bu qalanın zəngin tarixini, əzəmətini və qəhrəmanlığını, şanlı keçmişini əks etdirir. Həm musiqi, həm sözlər, həm məkan, həm vizual görüntü, həm də ifa bir-birini tamamlayır. Klipin özəlliklərindən biri də çəkilişlər zamanı tarixi dövrün ruhunun qorunmasına xüsusi diqqət yetirilməsidir. Bu məqsədlə milli geyimlər üzrə mütəxəssis, tarixçi alim Gülzadə Abdulovanın tövsiyələrindən istifadə olunub, obrazların vizual həlli tarixi ənənələrə uyğun şəkildə hazırlanıb. Layihənin hazırlanmasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin köməkliyi danılmazdır”. 

Tədbir boyu çıxış edən qonaqlar “Turan marşı” klipinin həm vizual keyfiyyəti, həm də musiqisinin bədii rəngarəngliyi ilə Azərbaycanın zəngin mədəni irsinə mühüm töhfə olduğunu bildiriblər. İfaları ilə könülləri fəth edən Xalq artistləri layihədə əməyi keçən bütün komandaya və iştirakçılara öz dərin təşəkkürlərini ifadə ediblər. 

Lamiyə Məmmədova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
qafqazinfo.az

1Mənbələr