AZ

“Ukraynada müharibə uzandıqca...” – Rusiyadan ACI etiraflar 

“Rusiya Ukraynadakı uzunmüddətli müharibəyə tab gətirə bilməz. Xüsusi hərbi əməliyyatın davam etdirilməsi ölkə iqtisadiyyatını təhdid edir və münaqişəyə tez bir zamanda son qoyulmasını tələb edir”.

Bunu Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Renat Süleymanov bildirib.

Onun sözlərinə görə, federal büdcənin təxminən 40%-i artıq müdafiə və təhlükəsizliyə xərclənir ki, bu da inflyasiyaya və sosial və investisiya xərclərinin azalmasına səbəb olur. Deputat qeyd edib ki, hərbi iqtisadiyyat istehlak dəyəri yaratmır və uzunmüddətli müharibə dözülməz bir yükə çevrilir. Deputat, həmçinin, hərbi xərclərin mümkün azaldılmasından sonra problemlər barədə xəbərdarlıq edib: müdafiə sektorunda və orduda çalışan milyonlarla insan iş və sosial adaptasiya tələb edəcək. O, həmçinin, işğal olunmuş ərazilərin bərpası üçün böyük xərclərə ehtiyac olduğunu əlavə edib.

Yada salaq ki, Süleymanov əvvəllər məsələdə sərt mövqe tutub və Kiyevin təslim olması fikrini müdafiə edib, lakin 2022-ci ildə səfərbərliyi dəstəkləyib. Onun son açıqlaması Rusiya hökumətinin ritorikasında dəyişiklik və yaxınlaşan seçkilər fonunda baş verir. Son rəy sorğularına görə isə Rusiyada müharibəni dayandırmağın tərəfdarları əhəmiyyətli dərəcədə artıb. Putin bütün bunları nəzərə və ciddiyə alacaqmı?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Rusiyada hakimiyyət piramidasının içindən gələn bu cür etiraflar təsadüfi deyil. Xüsusilə də söhbət uzun illər Kreml xəttini müdafiə etmiş, “xüsusi hərbi əməliyyat” ritorikasını təkrarlayan bir deputatdan gedirsə, deməli, məsələ artıq yalnız cəbhədəki vəziyyətlə bağlı deyil: “Burada söhbət sistemin dayanıqlılığından gedir. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə ilk gündən Kreml tərəfindən qısa və nəticəverici əməliyyat kimi təqdim olunurdu. Məqsəd Ukraynanı siyasi kapitulyasiyaya məcbur etmək, Qərbə isə Rusiyanın geosiyasi gücünü nümayiş etdirmək idi. Amma proses tam əks istiqamətdə inkişaf etdi. Müharibə uzandı, sanksiyalar sərtləşdi, resurslar tükənməyə başladı və ən əsası, Rusiya iqtisadiyyatı hərbi relslərə keçirildi. Bu isə müvəqqəti səfərbərlik effekti yaratsa da, strateji baxımdan təhlükəli modeldir.

Renat Süleymanovun dediyi kimi, büdcənin 40 faizinin müdafiə və təhlükəsizlik sektoruna yönəlməsi artıq normal iqtisadi model deyil. Bu, SSRİ-nin son illərində müşahidə olunan təhlükəli tendensiyanın təkrarıdır. Sovet İttifaqı da silahlanma yarışında iqtisadi dayanıqlığını itirdi. İndi Kremlin qarşısında eyni dilemma yaranır: ya müharibəni davam etdirib daxili sosial-iqtisadi sabitliyi riskə atacaq, ya da müəyyən kompromisə getməyə məcbur olacaq”.

Siyasi şərhçi deyib ki, ən vacib məqamlardan biri də odur ki, Rusiyada ictimai rəy dəyişməyə başlayır: “Müharibənin ilk mərhələsində dövlət təbliğatı cəmiyyət üzərində tam dominant idi. Amma uzunmüddətli müharibə rus insanının gündəlik həyatına toxunduqca vəziyyət dəyişir. İnflyasiya, sosial xərclərin azalması, bölgələrdən gələn itki xəbərləri və səfərbərlik qorxusu artıq psixoloji yorğunluq yaradıb. Kremlin əsas dayağı isə məhz “sabitlik müqabilində siyasi loyalıq” modeli idi. Əgər sabitlik pozulursa, onda sistemin legitimliyi də aşınmağa başlayır.

Putin bu siqnalları əlbəttə ki, görür. O, hakimiyyətdə təsadüfi qalmayıb və siyasi instinkti kifayət qədər güclüdür. Amma problem ondadır ki, Kremlin manevr imkanları əvvəlki kimi geniş deyil. Çünki Rusiya artıq bu müharibəni yalnız Ukrayna ilə yox, kollektiv Qərblə geosiyasi qarşıdurma kimi təqdim edib. Belə şəraitdə geri addım atmaq daxildə zəiflik əlaməti kimi görünə bilər. Xüsusilə də radikal hərbi dairələr və ultramillətçi qruplar üçün.

Digər tərəfdən, Kreml anlayır ki, sonsuz müharibə modeli Rusiyanın özünü tükəndirə bilər. Hərbi iqtisadiyyat uzun müddət işləyə bilməz. Tank və mərmi istehsalı ÜDM statistikası yarada bilər, amma cəmiyyətin rifahını artırmır. Əksinə, texnoloji gerilik, investisiya çatışmazlığı və insan kapitalının ölkədən axını kimi problemləri dərinləşdirir”.

Siyasi şərhçi deyir ki, Renat Süleymanovun açıqlamasında diqqət çəkən başqa bir detal da “müharibədən sonrakı adaptasiya” məsələsidir: “Bu, artıq Kremlin daxilində postmüharibə ssenarilərinin müzakirə olunduğunu göstərir. Milyonlarla insanın hərbi sektordan mülki həyata qaytarılması, işğal olunmuş ərazilərin maliyyələşdirilməsi və veteran probleminin idarə olunması gələcəkdə Rusiya üçün ciddi sosial risklər yarada bilər.

Bütün bunların fonunda Putinin yaxın perspektivdə radikal dönüş edəcəyini gözləmək çətindir. Amma Kremlin ritorikasında mərhələli şəkildə “yorğunluq elementləri” görünməyə başlayırsa, bu artıq təsadüfi deyil. Çünki tarix göstərir ki, böyük dövlətlər çox vaxt xarici cəbhədə deyil, daxili iqtisadi və sosial tükənmə nəticəsində geri çəkilməyə məcbur olur. Ukrayna müharibəsinin taleyini də görünür, məhz cəbhədən çox iqtisadiyyat və zaman müəyyən edəcək”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
20
37
musavat.com

10Mənbələr