AZ

Bəzi qurumlar texnologiyanın arxasında “gizlənir” Eyyub Hüseynov

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İstehlakçıdan pul qoparmaq üçün vasitələr gücləndirilir

İctimai nəqliyyatda NFC ödəmələrində problem yarandığı, vətəndaşların gediş kartından əlavə pul çıxıldığına dair narazılıqlarla yanaşı parkinq ödəmələrinin vaxtında sistemə oturmadığı, buna görə isə cərimə tətbiü edildiyinə dair şikayətlər də var. Jurnalist bloger Bahadur Seyidov parkinqdə üzləşdiyi problemlər bağlı sosial şəbəkədə paylaşım edib: 

- 19 may 2026-cı il tarixində, təxminən saat 13:00 radələrində Əhməd Rəcəbli küçəsində avtomobilimi parklanma yerində saxladım. Düz parklanma lövhəsinin yanında idim. Lövhədə göstərilən 20 150 nömrəli məntəqə üzrə AzParking tətbiqinə daxil oldum, parklanmanı başlatdım. Ödəniş Apple Pay vasitəsilə olduğu üçün telefon Face ID təsdiqi istədi. Mən də iPhone-un yan düyməsinə iki dəfə basaraq təsdiqlədim və tətbiqdə parklanma müddəti başladı. Amma təxminən saat 15:00 radələrində mənə cərimə gəldi. AzParking tətbiqini açıram, baxıram ki, nə aktiv parklanma görünür, nə də tarixçədə bu əməliyyat var. Yəni vətəndaş rəsmi tətbiqə girir, rəsmi lövhədə göstərilən məntəqə üzrə parklanmanı başladır, ödənişi təsdiqləyir, sonra sistem bunu “görmür” və üstünə cərimə yazılır. 141-ə zəng edirəm. Cavab isə təxminən belədir: “Bizim sistemdə görünmürsə, cəriməni ödəməlisiniz. Hara istəyirsiniz şikayət edin.” Bu nə yanaşmadır? Əgər bu, rəsmi dövlət tətbiqidirsə, vətəndaş bu tətbiqə necə güvənsin? Əgər tətbiqdə texniki problem varsa, niyə bunun bədəlini vətəndaş ödəməlidir? Mən ödənişi təsdiqləmişəmsə, parklanma başlamış kimi görünmüşsə, sonra bunun tətbiqin tarixçəsindən yoxa çıxması kimin məsuliyyətidir? AYNA və AzParking bu məsələyə aydın cavab verməlidir: Mənim həmin saatda tətbiqə daxil olub-olmadığım niyə araşdırılmır? Apple Pay təsdiqi və parklanma əməliyyatı niyə sistemdə görünmür? Texniki nasazlıq varsa, niyə vətəndaş cərimə ilə cəzalandırılır? 141 xidməti niyə vətəndaşa kömək etmək əvəzinə “sistemdə yoxdursa, ödə” cavabı verir?

Bu vəziyyətdə məsələ necə həll olunmalıdır? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə dünyada və ölkəmizdə yeni texnologiyalar yarandıqca, onlayn ödəmə üsulları genişləndikcə istehlakçıların hüquqlarının pozulması da artır: 

- Əvvəllər problemləri həll etmək olurdu, indi isə mümkün deyil. Mən ABŞ-də səfərdə olarkən metrodan keçərkən 20 dollarımı aparat aldı, polisə müraciət etdikdə, dedilər, 20 günə ancaq həll etmək olacaq. Ötən həftə bizə daxil olan şikayətlər arasında gediş kartından əlavə pul çıxılmaları ilə bağlı müraciətlər daha çox olub. Texniki nasazlıqlar aradan qaldırılmır, problemin həllində məsuliyyət daşıyan qurumlar isə texnologiyanın arxasında “gizlənir”, “sistemi” “günahlandırırlar”, halbuki bu sistemi tətbiq edən özləridir. Belə hallar hər yerdə var, o cümlədən satış şəbəkələrində, marketlərdə insanlara almadıqları mala görə ödəniş tutulur, kassa çekinə vurulur. Dünyada istehlakçı hüquqları ildən-ilə zəifləyir. İstehlakçıdan pul qoparmaq üçün vasitələr gücləndirilir. Məsləhət görürəm ki, vətəndaşlar bu cür hallarla qarşılaşdıqda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
sherg.az

1Mənbələr