AZ

Kapitalizm insan psixologiyasına necə təsir edir? PSİXOLOQ AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Kapitalizm dedikdə ümumiyyətlə insanın kiçik kapitaldan başlayaraq böyük kapitala qədər yüksəlməsi nəzərdə tutulur. Yəni iqtisadi sistem olaraq şəxsi mülkiyyətin əldə edilməsi və inkişaf etdirilməsi deməkdir. Bu da insan psixologiyasına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, müsbət tərəfləri ondan ibarətdir ki, insan motivasiya və məqsədyönlülük sayəsində istədiyinə nail ola bilir:

“Mənfi tərəfləri isə ondan ibarət ola bilər ki, bəzi hallarda insanın emosional tərəfləri zəifləyə bilər. İnsan öz kapitalını böyütdükcə bəzən maddi dəyərlərə həddindən artıq önəm verməyə başlayır. Məsələn, insan düşünə bilər ki, bahalı əşyalar və ya imkanlar hər şeydən daha vacibdir. Bu zaman emosional tərəflərin zəifləməsi müşahidə oluna bilər. Digər tərəfdən isə insanın özünə inamı artır, təşəbbüskar olur, müxtəlif işlərin öhdəsindən gəlir, yeni ideyalar formalaşdırır və bizneslər yaradır.

Bütün bunlar insanın müsbət tərəflərinin inkişafına səbəb ola bilər. İnsan eyni zamanda öz müstəqilliyini hiss edir və istədiklərini əldə etmək üçün addımlar atır. Lakin bu proses bəzi hallarda davamlı stressə də səbəb ola bilər.

Bəzən insan məqsədlərinə çatmaq uğrunda yaranan rəqabət səbəbindən ətrafındakı insanlardan uzaqlaşa bilər. Hətta dostluq münasibətləri belə zədələnə bilər. Eyni zamanda bu vəziyyət xroniki yorğunluq yarada bilər.

İnsan özünü başqaları ilə müqayisə etdikdə, gəlir və statusa həddindən artıq önəm verdikdə, istədiyini əldə edə bilmədiyi zaman özünə verdiyi dəyər aşağı düşə bilər. Bu isə bəzi hallarda ciddi psixoloji problemlərə səbəb ola bilər.

Burada tükənmişlik hissi başlayır. Daha çox qazanmaq və daha böyük uğurlar əldə etmək istəyi emosional və fiziki yorğunluğa səbəb ola bilər. Nəticədə müxtəlif psixoloji problemlər ortaya çıxa bilər.

Bəzən insanlar xoşbəxtliyi yalnız pulda və maddi əşyalarda gördükləri üçün daxili boşluq hissi yarana bilər. Bu hiss isə insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

Bu səbəbdən psixoloji dəstək zamanı insanların təhlükəsizlik hissinə və emosional vəziyyətinə diqqət yetirilir. Məqsəd emosional tükənmənin daha ağır nəticələrə səbəb olmasının qarşısını almaqdır.

İnsan yalnız maddi göstəricilərlə özünü dəyərləndirməməlidir. Öz dəyərini yalnız qazandığı pulla ölçməməlidir. Ailəsinə və sosial münasibətlərinə vaxt ayırmalıdır. Həddindən artıq kapitalist düşüncə tərzi insanın özünə də mənfi təsir göstərə bilər.

Ən vacib məqam duyğuların itirilməməsidir. İnsan özünü başqaları ilə deyil, əvvəlki vəziyyəti ilə müqayisə etməlidir. Məsələn, əvvəllər sahib olmadığı imkanlara sonradan nail olduğunu qiymətləndirməyi bacarmalıdır.Qazanılan hər bir uğuru dəyərləndirmək vacibdir ki, insan özündən və həyatından uzaq düşməsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

2Mənbələr