AZ

Gürcüstana gedənlərin diqqətinə

"Cari ilin 1 yanvar tarixindən etibarən Gürcüstana səfər edən vətəndaşlar həmin ölkə üçün mütləq səfər sığortası əldə etməlidirlər. Bu məhsul ölkəmizdə fəaliyyət göstərən qeyri-həyat sığortası şirkətləri tərəfindən təklif olunur. Tariflər səfər günlərinin sayından asılı olaraq dəyişir - 2 gündən 365 günə qədər".

Publika.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib.

"Ümumi tariflər o qədər də yüksək deyil. Məsələn, vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Təminat məbləğinə gəldikdə, Gürcüstan tərəfinin tələbinə görə, minimum 30 min lari (təxminən 11.2 min dollar və ya 19 min manat - red.) təminat olmalıdır. Buna görə də yerli sığorta şirkətlərimiz bu sığorta məhsulu üzrə 15 min dollar təminat verirlər. Bildiyiniz kimi, səfər sığortası 2 valyutada təqdim olunur - ya avro ya da dollar. 15 min dollar da kifayət edir ki, 30 min larini artıqlaması ilə əhatə etsin", - deyə E.Ağabağırov vurğulayıb.

Gürcüstana səfər edən vətəndaşların bu sığorta məhsulu ilə təminat altına alınan risklərinə gəldikdə isə ekspert bildirib ki, vətəndaş səfərdə olduğu müddət ərzində hər hansı bədbəxt hadisə nəticəsində və ya səfər zamanı baş vermiş hər hansı xəstəlik nəticəsində sağlamlığa dəymiş zərərlər qarşılanır:

"Bura stomatoloji xidmətlər və ya günvurma, suda boğulma, yanıq kimi xəsarətlər, habelə, qolun və ya ayağın sınması, hər hansı travmalar, soyuqdəymələr, hətta geniş yayılmış COVİD təminatı da daxildir. O cümlədən, əməliyyat xərcləri, həkim müayinəsi, dərman preparatları - yəni bütün bunlar səfər zamanı bu sığorta məhsulu ilə təminat altındadır və yalnız səfər müddətini əhatə edir. Səfərdən əvvəlki zamana aid hər hansı xroniki xəstəliklər və digər bu kimi hallar səfər zamanı qarşılanmır".

Seçilən
0
8
publika.az

9Mənbələr