AZ

OpenAI IPO-ya hazırlaşır: SpaceX ilə eyni gündəlikdə yarış

ABŞ-ın süni intellekt şirkəti olan  OpenAI yaxın həftələrdə məxfi şəkildə ilkin ictimai təklif (IPO) üçün müraciət etməyə hazırlaşır. Bu barədə məsələ ilə tanış mənbə məlumat verib. Şirkətin addımı 2026-cı ildə gözlənilən iri texnologiya birja çıxışları dalğasını daha da gücləndirə bilər.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, ChatGPT-nin yaradıcısı olan şirkət son qiymətləndirmələrdə 852 milyard dollar dəyərində hesablanıb. IPO müraciətinin isə  SpaceX-in gözlənilən birja sənədləşməsini belə kölgədə qoya biləcəyi bildirilir.

Mənbələrin sözlərinə görə, şirkət sentyabr ayında birjaya çıxmağı hədəfləyir və artıq  Goldman Sachs ilə  Morgan Stanley birlikdə IPO prospekti üzərində işləyir.

IPOX şirkətinin vitse-prezidenti Kat Liu bildirib ki, Elon Musk ilə bağlı hüquqi mübahisənin aradan qalxması OpenAI üçün mühüm maneəni aradan qaldırıb və şirkətin IPO planlarını sürətləndirməsinə şərait yaradıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Reuters OpenAI-nin 1 trilyon dollara qədər qiymətləndirmə ilə birjaya çıxmağı nəzərdən keçirdiyini və ən azı 60 milyard dollar vəsait cəlb etməyi planlaşdırdığını yazmışdı.

Şirkət bu ilin əvvəlində 122 milyard dollar investisiya cəlb edib ki, bu da Silikon Vadisinin tarixində ən böyük maliyyələşdirmə raundlarından biri hesab olunur.

Bununla yanaşı, OpenAI son aylarda güclənən rəqabət səbəbindən məhsul strategiyasına iki dəfə dəyişiklik edib. Şirkətin əsas rəqibləri arasında  Google və  Anthropic yer alır. Analitiklər Anthropic-in korporativ süni intellekt bazarında sürətlə böyüdüyünü və yaxın aylarda gəlir artımına görə OpenAI-ni geridə qoya biləcəyini bildirirlər.

Seçilən
37
qht.az

1Mənbələr