AZ

Rusiya Federasiya Şurası xaricdə qoşun istifadəsinə imkan verən qanun layihəsini təsdiqləyib

Yeni dəyişikliklər prezidentə xaricdə təqib və ya həbs olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün ordudan istifadə imkanı yaradır...

Poliqon xəbər verir ki, Rusiyada Federasiya Şurası hökumətin hazırladığı və Rusiya Silahlı Qüvvələrinin xarici ölkələrdə istifadə olunmasına imkan verən qanun layihəsini təsdiqləyib. Sənəd xarici dövlətlərin məhkəmələri tərəfindən həbs və ya təqib olunan Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə ordunun ölkə xaricində tətbiqinə hüquqi əsas yaradır.

Məlumata görə, qanun layihəsinin müzakirəsi ilə bağlı Federasiya Şurasının elektron bazasında “qanunun təsdiqlənməsi tövsiyə olunur” qeydi yerləşdirilib. Sənədin baxılması zamanı onun qəbulunun məqsədəuyğun hesab edildiyi vurğulanıb.

Qanun layihəsi “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” federal qanunun 6-cı maddəsinə və “Müdafiə haqqında” federal qanunun 10-cu maddəsinə dəyişiklikləri nəzərdə tutur. İzahat məktubunda bildirilir ki, sənəd Rusiya vətəndaşlarının hüquqlarının qorunması məqsədilə hazırlanıb və prezident qərarı əsasında ordunun ekstraterritorial istifadəsini mümkün edir.

Beləliklə, yeni hüquqi mexanizm Rusiya rəhbərliyinə ölkə vətəndaşlarının xaricdə təhlükə ilə üzləşdiyi hallarda Silahlı Qüvvələri digər dövlətlərin ərazisində tətbiq etmək imkanı verir.

Qeyd edək ki, Rusiya Dövlət Duması qanun layihəsini mayın 13-də qəbul etmişdi. Federasiya Şurasının təsdiqindən sonra sənədin qüvvəyə minməsi üçün prezident tərəfindən imzalanması tələb olunur.

Analitiklər hesab edirlər ki, yeni dəyişiklik Moskvanın xaricdəki vətəndaşlarının müdafiəsi məsələsində daha sərt və operativ müdaxilə imkanlarını genişləndirməyə yönəlib.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr