AZ

Çuvaşiyalı nəğməkar şair: Çuvaş və Azərbaycan ədəbiyyatında qarşılıqlı təsir elementləri var

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

AZƏRTAC Türk dünyasının mədəniyyət xadimləri ilə silsilə müsahibələrini davam etdirir. Növbəti qonağımız nəğməkar şair, Çuvaş Yazıçılar Birliyinin, Rusiya Jurnalistlər Birliyinin üzvü Albina Yuratudur. O, türk dövlətləri ədəbiyyatının fərqli xüsusiyyətlərindən və Çuvaş ilə Azərbaycan ədəbiyyatı arasındakı əlaqələrdən bəhs edib.

- Türk ölkələrinin xalq və klassik ədəbiyyatına xas olan xarakterik xüsusiyyətlər hansılardır?

- Türk ölkələrinin xalq və klassik ədəbiyyatı bu xalqların tarixi, mədəni və dil xüsusiyyətləri ilə əlaqəli olan bir sıra ortaq cəhətlərə malikdir. Eyni zamanda, hər bir milli ədəbiyyatın öz xüsusiyyətləri var və bu, onun etnik qrupunun spesifikliyi, tarixi və dini inancları ilə formalaşır. Xüsusilə çuvaş ədəbiyyatı Azərbaycan ədəbiyyatı da daxil olmaqla, digər türk xalqlarının ədəbiyyatı ilə müqayisə edilə bilən bir sıra xüsusiyyətlərə malikdir.

Türk ədəbiyyatını birləşdirən ortaq cəhətlər, ilk növbədə, onun folklorla əlaqəsidir. Şifahi yaradıcılıq (dastanlar, əfsanələr, mahnılar) çox vaxt yazılı ədəbiyyatın əsasını təşkil edib. Məsələn, qədim türk runik yazıları (Orxon-Yenisey) və “Babam Qorqud kitabı” (Kitabi-Dədə Qorqud – red.) qədim türklərin mifologiyasını, adət-ənənələrini və dünyagörüşünü əks etdirir. İkincisi, İslamın təsiridir. İslamı qəbul etdikdən sonra bir çox türk xalqları ərəb və fars dillərində yazmağa başladılar ki, bu da yerli və ərəb-fars ədəbi ənənələrinin sintezinə səbəb oldu. Klassik ədəbiyyatda sufi motivləri, əruz vəznindən istifadə və başqa dillərdən götürülmüş sözlər meydana çıxdı. Üçüncüsü, əxlaqi və etik mövzulardır. Ədəbiyyatda çox vaxt şərəf, Vətən qarşısında borc, ailə dəyərləri, vicdan və ədalət məsələləri qaldırılır. Dördüncüsü, janr müxtəlifliyidir. Türk ədəbiyyatına dastanlar, lirik poeziya, didaktik əsərlər, tarixi salnamələr və digər janrlar daxildir. Əlbəttə ki, təbiətin və kosmosun rolu da var. Türk xalqlarının mifologiyasında və ədəbiyyatında tez-tez səma kultu (Tenqri) və təbiət hadisələri ilə əlaqəli motivlərə rast gəlinir.

- Məhz çuvaş xalq və klassik ədəbiyyatının hansı xüsusiyyətləri var?

- Çuvaş ədəbiyyatında, xüsusən də xalq ədəbiyyatında bir sıra xüsusiyyətləri qeyd etmək olar. O, şifahi şəkildə qorunub saxlanılıb, nəsildən-nəslə ötürülüb. Janrlar arasında əfsanələr, qüdrətli qəhrəman Ulıp haqqında hekayələr, sehrli ritual nəğmələr, çavra yura (xorovod rəqs mahnısı), hajlav (ədəbi əsər), nesel (nəslin tarixinin, adət-ənənələrinin və ailə dəyərlərinin bədii təsviri) və şut (zarafat, lətifə) daxildir. Burada çuvaş xalqının tarixi hadisələri, adət-ənənələri və mifologiyası canlı şəkildə əks olunur. Məsələn, əfsanələrdə Volqa bulqarlarının mədəniyyətinə gedib çıxan motivlərə rast gəlinir. Xalq ədəbiyyatının musiqi və rituallarla sıx əlaqəsi olub.

Lakin klassik ədəbiyyat X əsrdə Volqa Bolqarıstanının islamlaşmasından sonra yazılı ənənənin itirilməsi səbəbindən daha sonra inkişaf etməyə başladı. Onun dirçəlişi XIX əsrdə Kirill əlifbası əsasında çuvaş yazılı dilinin yaradılması ilə əlaqələndirilir. XIX-XX əsrlərdə klassik çuvaş ədəbiyyatı rus ədəbiyyatının (xüsusən Puşkin və Lermontovun poeziyasının) təsirinə məruz qaldı və bu da özünü klassik poetik formaların mənimsənilməsində göstərib. Klassik çuvaş ədəbiyyatı özünün “bədii ifadəliliyi” ilə fərqlənir: diqqət qəhrəmanın fərdiliyinə deyil, kollektiv şüura, adət-ənənələrlə, təbiətlə və əcdadlarla əlaqəyə yönəlib. Altay ədəbiyyatında olduğu kimi, onda “şəcərə” mövzusu güclüdür, burada şəcərələr (uk-töstin təkpezi) nəsr janrlarının əsasını təşkil edib. İstehza və yumor çuvaş dünyagörüşünün nikbin təbiətini əks etdirərək əhəmiyyətli rol oynayır.

- Çuvaş ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə oxşarlığı varmı?

- Çuvaş və Azərbaycan ədəbiyyatı türk dil ailəsinin müxtəlif qollarına aid olsalar və fərqli tarixi inkişaf yollarına malik olsalar da, müəyyən təmas nöqtələrini qeyd etmək olar. Bu, mədəni qarşılıqlı əlaqədir: sovet dövründə çuvaş ilə Azərbaycan mədəniyyət xadimləri arasında mübadilələr, o cümlədən əsərlərin tərcümələri və yazıçıların qarşılıqlı səfərləri həyata keçirilib (məsələn, Azərbaycan şairlərinin şeirləri çuvaş dilinə, çuvaş müəlliflərinin əsərləri isə Azərbaycan dilinə tərcümə edilib). Bu, dini motivlərdir: çuvaşlar əsasən pravoslav xristianlığını, azərbaycanlılar isə İslamı qəbul etsələr də, hər iki ədəbiyyatda qədim dini inancların əks-sədasına rast gəlmək olar (məsələn, bəzi məlumatlara görə, çuvaşlar arasında Tenqri kultu və müasir Azərbaycan ərazisinə nüfuz etmiş ola biləcək zərdüşt təsirləri). Dastan və mifologiyanın rolu da vacibdir. Mifoloji və qəhrəmanlıq motivləri olan şifahi xalq yaradıcılığı hər iki ənənədə əhəmiyyətli yer tutur.

Müəllif – Anara Axundova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azertag.az

2Mənbələr