AZ

Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə Salyan rayonunda qonşusunu daşla vurub öldürməkdə təqsirləndirilən Elşən Səmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 19 oktyabr 2024-cü ildə Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsində baş verib.

Saat 20 radələrində yüngül sərxoş vəziyyətdə olan zərərçəkmiş Əziz Salayev qonşusu Elşən Səmədova yaxınlaşıb, aqressiv formada siqaretinin olub-olmadığını soruşub. Elşən siqaretinin olmadığını bildirəndə deyib ki, cibinə siqaret al qoy.

Mübahisə zamanı Əziz onun özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyüb. Elşən qonşusunu yaxınlıqdakı yarımtikilinin yanına dəvət edib. Mübahisə şiddətlənib. Əziz onu yerə yıxaraq sinəsinin üstündə oturub, əli ilə ona zərbələr vurub. Qonşular onları araladıqdan sonra ayağa qalxan Elşən yerdən götürdüyü daş parçası ilə Əzizin başına vurub.

Əziz Salayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Elşən Səmədov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Səmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. O, barəsində hökmünün ləğv edilməsini və bəraət verilməsi xahiş edib.

Həmçinin onun müdafiəçisi də apellyasiya şikayəti verərək müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində yüngül cəza təyin edilməsi istəyib.

Şirvan Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Seçilən
2
3
konkret.az

4Mənbələr