AZ

Anar Kərimov: Mənzilə yüksək tələbat hələ də qalır

BAKI, 21 may. TELEQRAF

Bunu səmimi deməliyəm ki, mənzilə yüksək tələbat hələ də qalır və buna görə islahatlar davam etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, Azərbaycanda İpoteka Kredit Zəmanət Fondu ilə yanaşı, güzəştli şərtlərlə həssas qruplar üçün hazır yaşayış mənzilləri təqdim edən Dövlət Mənzil İnşaat Agentliyi də fəaliyyət göstərir:

“Bu mənzillərin üstünlüyü ondan ibarətdir ki, onlar artıq yaşayış üçün hazır şəkildə təqdim olunur.

Qeyd etmək istədiyim digər mühüm mexanizm Böyük Qayıdış Dövlət Proqramıdır. Azərbaycan uzun illərdən sonra öz ərazilərinə qayıdış imkanını əldə etdi və azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri çərçivəsində bu proqram başladıldı. 2020-ci ildən bəri yenidənqurma və bərpa üçün 10 milyard ABŞ dollarından çox vəsait ayrılıb, ailələr şəhər və kəndlərə qayıdır.

Unutmamalıyıq ki, mənzil həm də mühüm iqtisadi hərəkətverici qüvvədir. Bu, yalnız sosial həmrəylik siyasəti deyil, həm də istehsal, məşğulluq, infrastruktur və şəhər inkişafı üçün multiplikativ təsir yaradır. Hazırda yaşıl istiqrazlar, yaşıl taksonomiya çərçivələri, bərpa olunan enerji inteqrasiyası, rəqəmsal kadastr sistemləri və yaşıl tikinti standartları üzərində də ciddi iş aparılır.

Bu gün daha bir sitatı xatırlatmaq istərdim. Memar və urbanist Yan Gel deyirdi: “Əvvəl həyat, sonra məkanlar, sonra binalar”. Məncə, bu prinsip hamımıza yol göstərməlidir. Çünki mənzil maliyyələşdirilməsi sadəcə kvadratmetrlərin maliyyələşdirilməsi deyil. Bu, insan potensialının maliyyələşdirilməsidir. Bu, şəhər inkişafı üçün yeni razılaşmadır”.

Seçilən
3
teleqraf.com

1Mənbələr