AZ

XİN-də görüş və qəbul

Mayın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud ilə görüşüb. Baş katib iştirakçısı olduğu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə və bu çərçivədə faydalı müzakirələrə görə təşəkkür edib.

Görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, energetika, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyət yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb. Bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Ümumilikdə siyasi və iqtisadi cəhətdən mühüm ölkələri, 1,3 milyarda yaxın əhalini və 5 trilyon ÜDM-i birləşdirən D-8-in nüfuzunun daha da artırılması istiqamətində birgə səylərin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri nəzərdən keçirilib, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, sabitliyin təmin olunmasının vacibliyi qeyd edilib.

***

Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibinin müavini Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri, postmünaqişə dövründə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji və digər sahələrdə tərəfdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səyləri müzakirə edib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri nəzərdən keçirilib. Bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Olaf Skuq, öz növbəsində, işğaldan azad edilmiş ərazilərə səfər təəssüratları ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

XQ

Seçilən
3
13
xalqqazeti.az

10Mənbələr